Zəlimxan Məmmədli: “Bəzi həkimlər implantı qoyur, sonra implant yoxa çıxır”

Zəlimxan Məmmədli: “Bəzi həkimlər implantı qoyur, sonra implant yoxa çıxır”

“Hər sahədə olduğu kimi, stomaloqlar arasında da saxta sertifikatla işləyənlər ola bilər”. 

Bu sözləri həkim-stomatoloq Zəlimxan Məmmədli “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, təhsil almadan başqasının haqqına girərək tibbi müdaxilə etmək doğru deyil: 

“Stomatologiya asan sahə deyil. Burada anatomik və funksional biliklərə yiyələnmədən ciddi səhvlərə yol verilə bilər. Bəzi həkimlər implantı qoyur, amma daha sonra implant yoxa çıxır. Həmin stomatoloq anatomiyanı bilmədiyi üçün belə səhv olur. Həmin implant daha sonra burun-boğaz cərrahı tərəfindən tapılır. Yəni bu işə belə qeyri-peşəkar yanaşanlar da var. Onlar fərdi olaraq məsuliyyət daşıyırlar”. 

Həmsöhbətimiz qeyd edib ki, təhsili olmadan insan sağlamlığı ilə bağlı işlə məşğul olmaq qadağandır: 

“Lakin kimlərsə saxta sertifikat əsasında bu sahədə fəaliyyət göstərirlər. Onların hər biri ilə bağlı araşdırma aparılmalı, qanunsuz fəaliyyətə icazə verilməməlidir. Hətta deyərdim ki, ölkəmizdəki səhiyyə sistemi yenidən qurulmalıdır. 

Məsələn, mən uzun müddət əvvəl xəstənin həkimə verəcəyi pulun qanuni olmasını təklif etmişəm. Belə ki, bütün poliklinikalarda qiyməti xəstə ilə həkim danışıb, özləri müəyyən edirlər,  ödəniş də qeyri-rəsmi şəkildə olur.

Mən təklif edirəm ki, rəsmi fəaliyyət göstərən stomatoloqların fəaliyyəti lisenziyalaşdırılsın. Yəni onlar da sadələşdirilmiş vergiyə cəlb olunmalıdırlar. Həm əldə etdikləri gəlirlər rəsmiləşər, həm də onun 4 faizi dövlətin xəzinəsinə köçürülər”. 

Zəlimxan Məmmədlinin sözlərinə görə, Azərbaycanın səhiyyə sistemində çox ciddi islahatlara ehtiyac var: 

“Mən Sovet səhiyyə sistemində işləmiş və indiyə qədər eyni müəssisədə 12 baş həkim dəyişmiş həkiməm. Hesab edirəm ki, bu günə qədər Sovet səhiyyə sistemindən də daha aşağıdayıq. İnzibati qaydalar və yeni normativlər qəbul etmək çarə deyil”. 

Mütəxəssis stomatoloji xidmətin qiymətlərinin çox baha olmasının səbəblərindən də danışıb: 

“Keyfiyyətli xidmət üçün keyfiyyətli materiallardan istifadə etmək lazımdır. Bunun üçün keyfiyyətli alətlərə və diaqnostik aparatlara ehtiyac var. Onlar olmadan iş keyfiyyətsiz olacaq. 

Məsələn, elə dolğular (plomb) var ki, 7 qramı 1000 manatdır, elələri də var ki, 70 manatdır. Bundan başqa, bəzi implantların maya dəyəri 500 avrodur. Ümumiyyətlə, vinil və zirkon dişlər bahalı olur. Professional texnik çox unikal olur. Onun da zəhmətini dəyərləndirmək lazımdır”. 

Həkim onu da əlavə edib ki, stomatologiya dünyada bahalı peşə sayılır: 

“Keyfiyyətli iş ucuz ola bilməz. Qiymətlər istifadə olunan materiallara görə dəyişir. Həmçinin, həkim də əməyinin dəyərini qiymətə əlavə edir. Əslində, Türkiyə, Rusiya, Almaniya, Gürcüstan kimi bir çox ölkədə stomalogiya sahəsində qiymətlər bahadır. Hazırda bu sahədə ən ucuz qiymətlər Azərbaycandadır. Hətta bəzən xaricdən dişlərini düzəltdirmək üçün ölkəmizə gəlirlər”. 

Elmir Mustafa 
“Cebheinfo.az”