ABŞ-da sorğu: Tramp Baydeni xeyli üstələyir

ABŞ-da sorğu: Tramp Baydeni xeyli üstələyir

Ağ Evin keçmiş rəhbəri Donald Tramp 2024-cü ildə keçirilməsi planlaşdırılan prezident seçkilərində seçicilərin dəstəyinə görə Amerikanın 6 ştatından 5-də hazırkı ABŞ Prezidenti Co Baydeni qabaqlayır.

Cebhe.info-nun məlumatına görə, “The New York Times” qəzeti Siena Kolleci ilə birgə keçirdiyi sorğunun nəticələrinə istinadən bu barədə xəbər yayıb.

Söhbət Arizona, Corciya, Miçiqan, Nevada və Pensilvaniyadakı vəziyyətdən gedir. 

Oktyabrın 22-dən noyabrın 3-dək aparılan sorğuda 3662 amerikalı iştirak edib.

Bu beş regionda respublikaçı eks-prezident rəqibini 3-10 faiz fərqi ilə qabaqlayır. Eyni zamanda, Bayden yalnız Viskonsin ştatında Trampdan 2 faiz öndədir. 

Qəzet qeyd edir ki, bu 6 ştatın hamısı seçkilər üçün açardır. Çünki onlar qərarsız seçicilərin ən böyük payına malikdirlər və ABŞ-ın hər iki əsas partiyasından olan namizədlərin populyarlıq səviyyəsi burada təxminən eynidir.

Bildirilib ki, seçicilərin 71 faizi indi 80 yaşlı Baydenin effektiv dövlət başçısı kimi çıxış etmək üçün “çox qoca” olduğunu deyib. Üstəlik, Trampın 77 yaşı var.

Sentyabrın 17-də Donald Tramp 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələrsə, 2028-ci ildən sonra üçüncü prezidentlik müddətinə namizəd olmayacağını açıqlayıb.

Noyabrın 4-də Tramp zehni qabiliyyətləri, hətta ən yaxşı vaxtlarında belə, Baydeninkindən də üstün olan 6 yaşlı uşaqlarla görüşdüyünü deyib.

Respublikaçı qeyd edib ki, əvvəllər Rusiya və Çin kimi dövlətlər ABŞ-a hörmət edirdilər. Lakin hazırkı prezidentin hakimiyyətinin başlaması ilə dünyada Amerika hakimiyyətinə uşaq kimi münasibət göstərilməyə başlayıb. 

Müşfiq Abdulla
Cebhe.info