Aİ ABŞ-nin tariflərinə cavab verməyə hazırdır

Aİ ABŞ-nin tariflərinə cavab verməyə hazırdır

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen ABŞ-nin tariflərinə sərt cavab verməyə hazır olduqlarını bildirib.

“Cebheinfo.az” xəbər verir  ki, Fon der Leyen Strasburqda Avropa Parlamentinin (AP) Plenar iclasında ABŞ-la ticarət əlaqələri və yeni tariflərdən danışıb.
Avropanın tarif münaqişəsini başlatmadığını qeyd edən Fon der Leyen, "Biz tariflərin səhv olduğunu düşünürük. Bu gün sizə mesajım odur ki, xalqımızı və rifahımızı qorumaq üçün lazım olan hər şeyə sahibik" deyib.

Fon der Leyen, Aİ-nin dünyanın ən böyük vahid bazarına sahib olduğunu, tarifləri müzakirə etmək və müqavimət göstərmək gücünə malik olduğunu vurğulayaraq, "Biz həmişə maraqlarımızı və dəyərlərimizi müdafiə edəcəyik" deyib.

ABŞ administrasiyasının indiyə qədər polad, alüminium, avtomobil və avtomobil hissələri idxalına 25 faiz gömrük rüsumunu elan etdiyini xatırladan Fon der Leyen, gömrük rüsumlarına məruz qalacaq növbəti sektorların yarımkeçiricilər, əczaçılıq məhsulları və taxta-şalban olacağını bildirib.

Fon der Leyen, ABŞ-nin sabah demək olar ki, bütün mallara və dünyanın bir çox ölkəsinə tətbiq olunacaq "qarşılıqlı tarifləri" açıqlayacağına diqqət çəkərək, ticarət dünyasında bir çox problem və balanssızlığın olduğunu, lakin bunlara qarşı birlikdə mübarizə aparılmalı olduğunu söyləyib.

Tariflərin ümumiyyətlə, vəziyyəti daha da pisləşdirəcəyini qeyd edən Fon der Leyen, "Tariflər xalqın ödəyəcəyi vergilərdir. Tariflər yalnız inflyasiyanı artıracaq" deyib.

Fon der Leyen Aİ-nin tariflərə qarşı strategiyasının ilk elementinin danışıqlar olduğunu və bu məsələləri müzakirə etmək istədiklərini bildirib.
“Biz əks tədbirlər görməyə hazırıq” deyən Fon der Leyen bütün variantların masada olduğuna işarə edib.

Tariflərlə bağlı növbəti addımda Aİ liderləri ilə yaxın təmasda olduğunu qeyd edən Fon der Leyen, "ABŞ-nin sabahkı açıqlamalarını çox diqqətlə qiymətləndirəcək və cavabımızı tənzimləyəcəyik. Məqsədimiz danışıqlar yolu ilə həll yolu tapmaqdır. Lazım gələrsə, maraqlarımızı, xalqımızı və şirkətlərimizi qoruyacağıq. Bu cavabın məqsədinin heç kimin maraqları ilə qarşı-qarşıya olmadığına inanırıq" deyib.

Konstruktiv həllin hər kəsə fayda verəcəyini xatırladan Fon der Leyen, "Avropa bu münaqişəyə başlamadı. Biz mütləq qisas almaq istəmirik. Amma lazım gələrsə, cavab vermək üçün güclü planımız var və bunu edəcəyik" deyib. Fon der Leyen əlavə edib ki, onlar digər tərəfdaşlarla ticarəti şaxələndirməyə və vahid bazarı daha da dərinləşdirməyə davam edəcəklər.

Nigar
“Cebheinfo.az”