Yeni “müalicə” metodu: “Dərmanın yerinə bir muzey ziyarəti...”

Yeni “müalicə” metodu: “Dərmanın yerinə bir muzey ziyarəti...”

Xəbər verdiyimiz kimi, İsveçrənin Neşatel şəhərində çalışan həkimlər, ruhi və fiziki sağlamlığı yaxşılaşdırmaq məqsədilə xəstələrə artıq müalicənin bir hissəsi kimi “muzey ziyarəti” təyin edirlər. 

Bu yerli hakimiyyət orqanları tərəfindən başlanan yeni pilot layihəyə əsasən həyata keçirilir.

Bu təşəbbüs şəhərdəki dörd muzeydən istənilən birinə giriş haqqını qarşılayır. Həmçinin, insanları mədəni fəaliyyətlərə cəlb edərək onların ruh sağlamlığını yaxşılaşdırmağı və rahatlıq tapmalarına kömək etməyi hədəfləyir.

Ümumdünya Səhiyyə Təşkilatının 2019-cu ildə yayımladığı hesabatda qeyd edilir ki, sənətlə məşğul olmaq və mədəniyyətlə təmasda olmaq ruh sağlamlığı üçün faydalıdır. Layihəyə indiyə qədər 10 min İsveçrə frankı dəyərində büdcə ayrılıb və təxminən 500 resept yazılıb.

Bildirilib ki, incəsənət terapiyası travmanın təsirlərini azaltmaqdan tutmuş, idrak geriləməsini yavaşlatmağa qədər bir çox müsbət təsirə malikdir. Burda əsas məqsəd xəstələri evdən çıxmağa, hərəkət etməyə və heç olmasa bir saatlıq da olsa, muzeydə vaxt keçirməyə təşviq etməkdir.

Bəs mədəni fəaliyyətlər, xüsusilə muzey ziyarətləri, xəstələrin ruhi və fiziki sağlamlığına nə dəcərədə təsir edə bilər? Azərbaycanda oxşar bir layihənin tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, bu yanaşma insan sağlamlığına yalnız tibbi yox, həm də insani və estetik prizma ilə baxışın parlaq nümunəsidir.

Onun sözlərinə görə, Azərbaycanda da bu cür təşəbbüsün həyata keçirilməsi mümkündür:

“İsveçrənin Neşatel şəhərində çalışan həkimlərin xəstələrinə dərman müalicəsi ilə yanaşı, reseptə “muzey ziyarəti” də yazması ilk baxışda qeyri-adi görünə bilər. Lakin bu çox təqdirəlayiq bir addımdır. Bu təşəbbüs bizə xatırladır ki, bədənlə ruh ayrılmazdır. Şəfa təkcə dərmanla deyil, gözəllik, düşüncə və hisslərlə də mümkündür.

İncəsənət və mədəniyyətlə təmas, muzey ziyarətləri, teatr tamaşaları və musiqi tədbirləri insanın psixoloji vəziyyətinə müsbət təsir edir, gərginlik və narahatlığı azaldır, ruh halını stabilləşdirir.

Muzeylər bu mənada yalnız tarixi deyil, həyatın mənasını yenidən tapmaq üçün bir məkana çevrilir. Azərbaycanda da bu cür təşəbbüsün həyata keçirilməsi tam mümkündür. 

Lakin bunun üçün səhiyyə, mədəniyyət və sosial sahələr arasında əməkdaşlıq zəruridir. Təəssüf ki, bu gün psixi pozuntularla yaşayan şəxslərin sosial və mədəni həyata inteqrasiyası nə tibb müəssisələrində, nə də onlardan kənarda nəzərəçarpacaq qədər mövcud deyil”.

O qeyd edib ki, həkimlər və ailələr bu sahədə aktiv rol oynamalıdır:

“Hazırda ifadə etdiyim fikirlər qeyri-adi səslənə bilər, amma təsəvvür edin ki, hər bir pasiyent üçün psixoloqun tövsiyəsi ilə fərdi kulturoterapiya planı hazırlanır.

Muzeylər, kitabxanalar, teatrlar bu prosesə qoşulur. Beləliklə, mədəniyyət yalnız estetik zövq yox, şəfa mənbəyinə çevrilir. Psixi sağlamlıq xidmətlərinə mədəni komponentin daxil edilməsi artıq bir seçim deyil, ictimai rifah üçün vacib şərtdir.

Muzeylərə pulsuz və ya endirimli giriş imkanları, beynəlxalq təcrübə əsasında pilot layihələr, elmi araşdırmalar bu prosesin əsas dayaqlarından biri olmalıdır. 

Bəzən bir dərmanın yerinə bir kitab, bir muzey ziyarəti daha təsirli ola bilər. Ailələr isə yaxınlarının sosial həyata qayıdışına şərait yaratmalı, dəstəkləyici olmalıdır.

Sağlam cəmiyyət yalnız fiziki bədənlə deyil, ruhla, mənəviyyatla və müsbət düşüncə ilə formalaşır. Həyat, yaşamaq üçün yox, yaşadığımızı hiss etmək üçün var”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”