Avstraliya vətəndaşlığı olmayanları deportasiya edəcək?

Avstraliya vətəndaşlığı olmayanları deportasiya edəcək?

Avstraliyada vətəndaşlığı olmayan şəxslərin deportasiyası ilə bağlı qanun layihəsi qəbul edilməyib.

"Cebhe.info" "ABC News"-a istinadən xəbər verir ki, hökumətin təklif etdiyi qanun layihəsi Senatın iclasında müzakirə olunub.

Nümayəndələr Palatasının qəbul etdiyi qeyri-Avstraliya vətəndaşlarını ölkədən deportasiya etmək üçün hökumətə "fövqəladə səlahiyyət" verən qanun layihəsi Senatda ilişib qalıb.

Qanun layihəsi Senatın Ədliyyə Komitəsinə göndərilib və onun mayın 7-dək məsələ ilə bağlı hesabat hazırlayacağı gözlənilir.

Senatda qanun layihəsinin qarşısını almaq üçün səs verən “Yaşıllar” partiyasının sədr müavini, senator Mehrin Faruqi verdiyi açıqlamada, müxtəlif ölkələrdən Avstraliyaya gələn insanların vəziyyətinə işarə edərək, tərəflərin "insanların əzabları üzərində ticarət etməyə çalışdıqlarını" söylədi. 

Xatırladaq ki, Avstraliyanın Ali Məhkəməsi 2023-cü ildə mühacirlərin qeyri-müəyyən həbsinin "qanunsuz və konstitusiyaya zidd" olduğuna qərar verdikdən sonra hökumət təxminən 150 nəfəri "immiqrasiya həbsindən" azad etdi.

Məhkəmə qərarından əvvəl hökumət əvvəlki qərara əsasən immiqrantları uzun müddətə müntəzəm olaraq həbs edə bilərdi.

Nigar Hacılı 
"Cebhe.info"