Mirzoyan həddini aşdı: “Məsələ bağlanıb”

“İlk növbədə, Ermənistan Konstitusiyası məsələsi ilə bağlı Azərbaycanın narahatlığının nə qədər səmimi olduğunu anlamaq lazımdır”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan aprelin 16-da İrəvanda Sloveniya XİN rəhbəri Tanya Fajonla birgə mətbuat konfransında deyib.
Baş nazir Nikol Paşinyanın bir gün əvvəl və bu gün səhər səsləndirdiyi fikirləri təkrarlayan Mirzoyan deyib:
“Əgər Bakı sülh müqaviləsinin imzalanmasını gecikdirmək üçün bu cür hərəkət edirsə, bu bir şeydir, amma narahatlıqlar səmimidirsə, deməli, vəziyyət başqadır”.
Nazir Ermənistan Konstitusiyasında ərazi iddialarının olmadığını iddia edib. O, Konstitusiya Məhkəməsinin Ermənistan Respublikası və Azərbaycan Respublikası komissiyalarının delimitasiya üzrə reqlamentlərinin uyğunluğu barədə ötənilki qərarını təsdiqləyərək, reqlamentdə Alma-Ata Protokoluna istinadın və SSRİ-nin sərhədləri zamanı mövcud olan müddəaların olduğunu xatırladıb.
Mirzoyanın sözlərinə görə, bununla da məsələ bağlanıb. Eyni zamanda, o xatırladıb ki, sülh müqaviləsi ratifikasiyadan sonra Konstitusiya Məhkəməsi tərəfindən yoxlanılacaq. Nazir konkret olaraq deyib:
“Təbii ki, biz Konstitusiya Məhkəməsinə təzyiq edə bilmərik, lakin məhkəmənin qərarının müsbət olacağına inanıram”.
Xarici İşlər Nazirliyinin rəhbəri deyib ki, Ermənistanın da Azərbaycan konstitusiyasının məzmunu ilə bağlı narahatlıqları var:
“Lakin biz hesab edirik ki, əgər bizimlə bağlı məsələ bağlanıbsa, onlarla da bağlı məsələ bağlanıb”. Mirzoyan dövlətlərarası sənədin daxili qanunvericilikdən üstünlüyünə toxunaraq bildirib:
“Ona görə də sülh müqaviləsinin imzalanması şübhələri aradan qaldırmağın ən qısa və effektiv yoludur”.
O, həmçinin deyib ki, konstitusiya islahatları ideyası Ermənistan Respublikasında bir neçə il əvvəl yaranıb:
“Bu, dövlətin daxili məsələsi və eyni zamanda onun simasıdır. Yəni Ermənistan hakimiyyəti Konstitusiyanın dəyişdirilməsi məsələsini nəzərdən keçirir, lakin Azərbaycanın tələblərini haqlı saydığımız üçün yox”.
Xəzər
“Cebheinfo.az”