Paşinyan devrilir: “Baş nazirliyə müxtəlif adlar müzakirə olunur”

Paşinyan devrilir: “Baş nazirliyə müxtəlif adlar müzakirə olunur”

“Bizim addımlarımızın ardıcıllığı xalqın iradəsi ilə baş tutdu. Demarkasiya prosesinin dayandırılması barədə danışmağı planlaşdırırdıq”. 

Bunu mayın 10-da İrəvanın Respublika meydanında jurnalistlərlə söhbətində Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan deyib.

 “Amma xalqın tələbi belə idi  və mən başqa heç nə danışa bilməzdim. Mən sadəcə olaraq xalqın tələbini səsləndirdim və formalaşdırdım.

Bu hərəkət bizim üçün çox vacibdir. Daha irəli gedə bilməyəcəyimiz kritik həddə çatdıq.

Parçalanmış, təminatsız, heç bir daxili və xarici təhlükəsizliyi olmayan ölkəmiz sadəcə bir torpaq parçasına, əraziyə çevriləcək”, - Qalstanyan bildirib.

Paşinyanın yerinə Baş nazir kimi  gördüyü şəzxslərlə bağlı suala arxiyepiskop belə cavab verib:

“Bizim işimiz indiyədək siyasi proses olmayıb. İndi, fikrimizcə, hər şey siyasi xadimlərin məsləhətləşmələrinin nəticələrinə əsasən planlaşdırılmalıdır. Dünən parlament üzvləri ilə görüşməyə çalışdıq ki, proseslər necə gedə bilər. Onlar prosesi davam etdirməyə hazırdırlar və qanuni şəkildə başa çatdırmağa çalışırlar. O zaman Baş nazirliyə namizəd lazım olacaq. Yəqin ki, bundan sonra hər şey açıqlanacaq.

Adlar təbii olaraq müzakirə olunur, müxtəlif adlar müzakirə olunur. İndi xalqın oyanış mərhələsidir. Bu gün, sabah, o biri gün əməli addımlar günüdür”.

Din xadimi vurğulayıb ki, Baş nazirin adı ilə bağlı hələ də razılıq yoxdur:

“Parlamentdə fraksiyalarla müzakirə olunacaq, müəyyən məsləhətləşmələr aparılacaq, bütün siyasi meydan bu şəxsin ətrafında birləşəcək və onun kim olduğu açıqlanacaq”. 

O əlavə edib ki, parlamentdəki yalnız iki müxalifət fraksiyası ilə müzakirələr aparılır. Hakim “Mülki Müqavilə” Partiyası ilə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, Baş nazirə etimadsızlıq göstərilməsi ilə bağlı parlamentin qərar layihəsi yalnız qərar layihəsi ilə eyni vaxtda yeni Baş nazirin namizədliyi təklif edilərsə, deputatların ümumi sayının azı üçdə biri tərəfindən təqdim edilə bilər.

Xəzər
“Cebhe.info”