Türkiyə-Rusiya əlaqələri: "Seçkilərdə Ərdoğan məğlub olarsa..."

Türkiyə-Rusiya əlaqələri: "Seçkilərdə Ərdoğan məğlub olarsa..."

Türkiyə Finlandiyanın NATO-ya üzv olmasına razılıq verib.

Qeyd edək ki, Finladiya Prezidenti Sauli Niinistö bu həftə Türkiyəyə rəsmi səfər edib. Skandinaviya ölkəsinin NATO-ya üzvlük məsələsinə toxunan Ərdoğan həmkarı ilə mətbuat konfransında bildirib ki, Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Türkiyə parlamentində ratifikasiya proseduru başlayacaq.

Ərdoğanın sözlərinə görə, Finlandiya Prezidenti ilə danışıqlar prosesində NATO-nun genişlənmə prosesini də dəyərləndiriblər.

O bildirib ki, Türkiyənin NATO-nun “açıq qapı” siyasətini dəstəkləyir.

Türkiyə Prezidenti qeyd edib ki, ötən il NATO-nun Madrid sammiti çərçivəsində Türkiyə, İsveç və Finlandiya arasında imzalanan üçtərəfli memorandumdan sonra Finlandiya öhdəlikləri üzrə səmimi və konkret addımlar atıb.

Əlbəttə, Türkiyənin Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verməsi Rusiyada bir çox hərbi-siyasi dairələri narahat edəcək.

ümumiyyətlə, Ankaranın bu istiqamətdə addım atması Türkiyə-Rusiya əlaqələrinə necə təsir göstərəcək?

Məsələ ilə bağlı Cebhe.info-ya şərhində Türkiyənin Kocaeli Universitenin beynəlxalq əlaqələr üzrə professoru İrfan Kaya ülger bu qənaətdə olmadığını bildirib:

“Rusiyanın Prezidenti Vladimir Putin dəfələrlə bildirib ki, biz Ukrayna ilə yox, NATO ilə müharibə aparırıq. Türkiyənin özü NATO ölkəsidir. Türkiyənin NATO-nun ən aparıcı üzvü olmasına rəğmən Rusiya ilə əlaqələri qoruyub, ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb. Buna görə də Qərb tərəfindən Türkiyə qarşı təzyiqlər artıb. Lakin Qərbdə NATO-nun heç olmasa bir ölkəsinin Rusiya ilə əlaqələri saxlamalıdır deyənlərdə var.

Putin öz geosiyasi maraqlarına uyğun olaraq Türkiyəni Qərb klubundan qoparmağa çalışır. Rusiyanın dövlət rəhbəri, həqiqətən Türkiyə ilə dərin əlaqələrə xüsusi önəm verir. Rusiya ilə beynəlxalq taxıl tədarükü üzrə sazişin imzalanmasında Ərdoğanın mühüm rolu təqdirəlayiqdir. Bir çox məsələlərdə Ərdoğan və Putin bir-birini çox yaxşı başa düşürlər. Onu da qeyd etmək lazımdır ki, Rusiyanın dünya bazarına yeganə çıxış yolu Türkiyədən keçir. Türkiyənin özündə bir milyondan çox Rusiya vətəndaşı yaşıyır. Hazırda Türkiyə Finlandiyanın NATO-ya üvlüyünə razılıq versə belə, bu, Türkiyə-Rusiya münasibətlərinə mənfi təsir göstərməyəcək.

Hesab edirəm ki, Türkiyə-Rusiya münasibətlərində seçkilərə qədər heç bir dəyişiklik olmayacaq. Əgər seçkilərdə Ərdoğanın rəhbərlik etdiyi Cümhur İttifaqı məğlub olarsa və müxalif qüvvələr hakimiyyətə gəlsələr, bundan sonrakı dövrdə Türkiyənin Rusiyaya qarşı Qərb cəbhəsində yer alacağını ehtimal edirəm”.

Cebhe.info