Ukraynanı vuran Rusiya PUA-larında Avropa komponentləri tapılıb
Rusiya Federasiyasının Ukraynaya hücum etmək üçün istifadə etdiyi dronlarda Avropa komponentləri tapılıb.
Bu barədə “The Guardian” yazıb.
Kiyevin avqust ayında G7 ölkələrinə təhvil verdiyi məxfi hesabata görə, son 3 ayda Ukrayna şəhərləri tərkibində Qərb istehsalı olan komponentlər olan PUA-lar tərəfindən 600 dəfədən çox hücuma məruz qalıb.
Sənəddə deyilir ki, “Şahed-131” pilotsuz uçan aparatında 52, “Şahed-136” pilotsuz uçuş aparatında isə 57 belə komponent aşkar edilib.
Ukrayna hakimiyyəti bu hissələrin 5 avropalı istehsalçısının adını çəkib. Bunlar Almaniyanın "Ti Automotive Gmbh" və "International Rectifier" şirkətləri, İsveçrənin "STMicroelectronics" və "U-blox" və Niderlandın "NXP Semiconductor" şirkətləridir.
Məlumata görə, bu şirkətlərin məhsulları İrana Türkiyə, Hindistan və Qazaxıstan kimi üçüncü ölkələr vasitəsilə daxil olur. Nəşr qeyd edir ki, söhbət, əsasən, təchizatına nəzarət olunmayan və ya kifayət qədər diqqətlə idarə olunmayan kommersiya komponentlərindən gedir.
Cebhe.info