Zelenskidən Trampa CAVAB

Zelenskidən Trampa CAVAB

Ukrayna Prezidenti Vladimir Zelenski qeyd edib ki, o, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Kiyev və Moskvanı danışıqlar masası arxasına qoyaraq, genişmiqyaslı müharibəni bir gündə bitirəcəyi ilə bağlı sözlərini başa düşməyib.

Cebhe.info “European Truth”-a istinadən xəbər verir ki, Zelenski bu barədə "WJS" telekanalına müsahibəsində bildirib.

Qeyd edək ki, müsahibə zamanı Zelenskidən ABŞ-da keçiriləcək seçkilərin Ukraynaya yardıma təsirindən nə dərəcədə narahat olduğu və bu mülahizələrə görə müharibəni o vaxta qədər bitirmək istəməsi ilə bağlı sual soruşulub.

"Əlbəttə, mən müharibəni mümkün qədər tez bitirmək istərdim. Bu ABŞ administrasiya ilə əlaqəli deyil. O, olduğu kimi qalacaq və ya dəyişəcək, bu bizə fərq etmir. Köməyə gəlincə isə demək istərdim ki, Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri ABŞ Prezidenti Co Baydendir və o, Ukraynaya Trampdan daha çox kömək edib", - deyə Zelenski qeyd edib.

Ukrayna Prezidenti vurğulayıb ki, Donald Tramp ABŞ prezidenti olan zaman Ukraynada müharibə olmayıb və o, bilmir ki, o zaman Tramp Ukraynaya qarşı necə davranardı.

O, əlavə edib ki, Trampın müharibənin, guya bir gündə bitirə biləcəyi ilə bağlı bəyanatını anlamayıb.

"Mən başa düşmədim ki, Donald Tramp niyə deyib ki, 24 saat ərzində Putin və Zelenskini danışıqlar masası arxasına oturdacaq və müharibəni bitirəcək. O, prezident olanda bunu edə bilərdi. Onun zamanında da bizim torpaqlar işğal altında idi. Amma bu baş vermədi", -deyə Zelenski izah edib.

O, etiraf edib ki, Ukraynanın vəziyyəti indi elə bir haldadır ki, vəziyyət yaxşıya və ya pisə doğru dəyişə bilər.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp son açıqlamalarında 24 saat ərzində müharibəni bitirməyin yolunu tapacağını demişdi. O, eyni zamanda Ukraynanın qalib gəlməsini istəyib-istəmədiyinə cavab verməkdən yayınmış, Putini hərbi cinayətkar adlandırmaqdan imtina etmişdi. O, həmçinin bildirib ki, dövlətlər Ukraynaya həddən artıq çox silah verir.

Sevinc Tapdıqqızı
Cebhe.info