Avropa çempionatı: Jalə Əliyeva finalda, Türkan Nəsirova və Elis Manolova "bürünc" üçün güləşəcək - YENİLƏNİB-2

Azərbaycanın daha bir qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında medal qazana bilər.
65 kq-da mübarizə aparan Elis Manolova 3-cü yer uğrunda təsəlliverici görüşə qatılmaq hüququ əldə edib. Buna onun 1/4 finalda uduzduğu rumıniyalı İrina Rinqacinin finala çıxması səbəb olub.
72 kq-dakı Nigar Mirzəzadənin isə yarışı medalsız başa vuracağı dəqiqləşib. Çünki 1/4 finalda Azərbaycan təmsilçisinə qalib gələn ukraynalı Lyudmila Tiçina finala adlaya bilməyib.
Beləliklə, aprelin 21-də, həmçinin, Jalə Əliyeva (57 kq) qızıl, Türkan Nəsirova (53 kq) isə bürünc medal görüşünə çıxacaqlar.
19:19
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.
57 kq-da çıxış edən idmançı yarımfinalda polşalı Yovita Vrjeşenə 5:0 hesabı ilə qalib gəlib.
53 kq-da yer alan Türkan Nəsirova isə finala gedən yolda isveçli Emma Malmqrenlə bacarmayıb. Rəqibinə "tuş"la məğlub olan idmançı bürünc medal uğrunda güləşəcək.
Qeyd edək ki, bu gün Mariya Stadnik (50 kq) qızıl, Elnurə Məmmədova (55 kq) və Alyona Kolesnik (59 kq) isə bürünc medal görüşünə çıxacaqlar.
15:12
Azərbaycanın iki qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Türkan Nəsirova (53 kq) və Jalə Əliyeva (57 kq) qitə birinciliyində qızıl medal şansını davam etdiriblər.
Nəsirova ilk iki mərhələdə müvafiq olaraq Mariya Spirkovska (Şimali Makedoniya) və Marina Floresi (İspaniya) məğlub edib. Gənclər arasında Avropa çempionu olan 26 yaşlı güləşçi final yolunda isveçli Emma Malmqrenlə qarşılaşacaq.
Yarışa 1/4 finaldan başlayan Jalə Əliyeva bu raundda almaniyalı Yelena Brüggerdən güclü olub. O, yarımfinalda Yovita Vrzeşienlə (Polşa) gücünü sınayacaq.
Nigar Mirzəzadə (72 kq) təsnifatda Lyudmila Tiçinaya (Ukrayna), Elis Manolova (65 kq) isə 1/4 finalda İrina Rinqaciyə (Rumıniya) uduzub. Rəqibləri finala qədər irəliləyə bilsə, Mirzəzadə və Manolova bürünc medal üçün təsəlliverici görüşə qatılacaqlar.
Birgül Soltanova (62 kq) isə təsnifatda Viktoriya Vessoylaya (Estoniya) məğlub olub. Estoniyalı idmançı növbəti raundda uduzduğundan, Soltanovanın medal şansı qalmayıb.
Cebhe.info