120 kardinal dünyadan təcrid olunur: Yeni Papa olmaq üçün 2 ən güclü namizəd

Vatikanda Papa Fransiskin 88 yaşında vəfat etməsinin ardından katolik kilsəsi yeni liderini seçmək üçün tarixi Konklava ("Konklav" sözü latınca "cum clave" - "açar altında" deməkdir) hazırlaşır.
“Cebheinfo.az” xəbər verir ki, hazırda bütün diqqətlər 1,4 milyard katolikin ruhani rəhbərini müəyyən edəcək prosesə yönəlib.
Fərqli qitə və mədəniyyətləri təmsil edən kardinal namizədlər arasında xüsusilə iki ad ön plana çıxır.
Onlardan biri filippinli kardinal Luis Antonio Taqle, ikincisi isə qanalı kardinal Peter Turksondur. Mərhum Papa üçün doqquz günlük matəm mərasimindən sonar Konklavın başlanması üçün ən azı 15 gün gözləniləcək.
Konklav zamanı 120 kardinal Sikstin kapellasında toplanaraq gizli səsvermə keçirəcək. Yeni Papanın seçilməsi üçün üçdə iki səs çoxluğu tələb olunur.
Bukmekerlərin favorit namizədi 67 yaşlı Luis Antonio Taqledir. Katolikliyin sürətlə yayıldığı Asiyadan olan Papa bu bölgədəki missiyanı daha da gücləndirə bilər. Taqle aborta qarşı mövqeyi ilə yanaşı, gey və boşanmış cütlüklərə qarşı daha anlayışlı münasibəti ilə tanınır.
Qana əsilli 76 yaşlı kardinal Peter Turkson isə ilk qaradərili Papa olmaq potensialı ilə gündəmdədir. Afrikadakı homoseksuallara qarşı sərt qanunları tənqid edən və qitənin ənənəvi dəyərlərinə hörmət göstərən Turkson balanslı mövqeyi ilə seçilir. Bundan əlavə, Vatikan daxilindən də bir sıra namizədlər var.
70 yaşlı italyan kardinal Pietro Parolin uzun illər Fransiskin dövlət katibi kimi fəaliyyət göstərib və mövqeyi ilə nüfuz qazanıb.
O, İrlandiyada eynicinsli nikahların qanuniləşdirilməsini “insanlığın məğlubiyyəti” adlandırması ilə yadda qalıb. 72 yaşlı macar kardinal Peter Erdo keçmiş sovet blokunu təmsil edən mühafizəkar mövqeyi ilə tanınır. 59 yaşlı portuqaliyalı Xose Tolentino isə gəncliyi və müasir baxışları ilə seçilir.
İtaliyalı kardinal Matteo Zuppi Ukrayna böhranında sülh missiyası ilə Moskvaya səfəri ilə yadda qalıb.
Maltalı Mario Qrex yenilikçi və ənənəvi dəyərləri birləşdirən yanaşması ilə önə çıxır. Fransız Qvineyasında doğulan 79 yaşlı kardinal Robert Sarah da ilk qaradərili Papa namizədləri arasında yer alsa da, yaşı səbəbilə zəif namizəd sayılır.
Konklav dövründə kardinallar tamamilə xarici aləmdən təcrid olunacaq. Onlara qəzet oxumaq, televizora baxmaq, internetdən istifadə və ya xarici dünya ilə ünsiyyət qəti qadağan ediləcək.
Gündəlik olaraq xüsusi geyimlərdə səsverməyə gedəcək kardinallar nəticə əldə olunmadıqda, son iki namizəd arasında səsvermə aparacaq və bu mərhələdə sadə səs çoxluğu kifayət edəcək.
Ənənəyə uyğun olaraq, nəticələr ictimaiyyətə çatdırılacaq. Ağ tüstü yeni Papanın seçildiyini, qara tüstü isə nəticə alınmadığını göstərəcək.
Qeyd edək ki, tarixdə ən uzun Konklav 34 ay davam edib. Ancaq müasir dövrdə bu proses bir neçə gün ərzində tamamlanır. 2013-cü ildə Papa Fransisk iki günə seçilmişdi.
Ekspertlər katolik kilsəsinin tarixində ilk dəfə qaradərili və ya asiyalı Papa seçə biləcəyini bildirirlər.
Seçkinin nəticələri katolik dünyası üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, Vatikanın gələcək siyasətinin konturlarını da müəyyən edəcək.
Yeni Papa seçildikdən sonra Müqəddəs Pyotr meydanından ənənəvi "Habemus Papam", yəni "Papamız var" elanı veriləcək və o, xalqa ilk müraciətini edəcək.
Əfsanə Rəcəb
“Cebheinfo.az”