Liderlərdən Papaya vida mesajları

Liderlərdən Papaya vida mesajları

Xəbər verdiyimiz kimi, Katoliklərin ruhani lideri Papa Fransisk 88 yaşında vəfat edib. 

Vatikan rəhbərinin ölüm xəbərindən sonra dünyanın müxtəlif ölkələrindən başsağlığı mesajları gəlib.

“Cebheinfo.az” həmin mesajları təqdim edir.

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Papa Fransisk pontifikatı dövründə daim ən köməksiz və həssas insanların yanında olub və bunu böyük təvazökarlıqla edib.“Bu müharibə və qəddarlıq dövründə onun digərlərinə, xüsusilə də ən zəiflərə qarşı həssaslığı var idi”,  - deyə Makron vurğulayıb.ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Papa ilə görüşən son yüksək vəzifəli rəsmi olub. 

O, açıqlamasında, “Papanın ölüm xəbərini indicə aldım. Qəlbim onu sevən milyonlarla xristianla birlikdədir. Onun çox xəstə olduğu açıq-aydın görünürdü, amma dünən onu görməkdən məmnun oldum”, deyib. İngiltərə Kilsəsinin rəhbəri və İngiltərə Kralı III Çarlz Papa Fransiskin vəfatı ilə bağlı “dərin kədərini” ifadə edərək başsağlığı verib.

Avropa Komissiyasının sədri xanım Ursula Fon der Lyayen qeyd edib ki, Papa Fransisk təvazökarlığı və məzlumlara olan saf sevgisi ilə yalnız Katolik Kilsəsini deyil, milyonlarla insanı ruhlandırıb. “Bu böyük itkiyə görə kədər hissi keçirən hər kəsin yanındayam. Ümid edirəm ki, onun irsi bizləri daha ədalətli, dinc və mərhəmətli bir dünya yolunda istiqamətləndirməyə davam edəcək”, - deyə Ursula Fon der Lyayen bildirib.

Almaniyanın gələcək kansleri Fridrix Merts isə Papa Fransiskin cəmiyyətin ən zəif təbəqələrinə göstərdiyi yorulmaz diqqət və təvazökarlıqla yadda qalacağını qeyd edib.O, sosial media hesabında, “Onun rəhbərliyi iman və mərhəmət üzərində qurulmuşdu”, - deyə qeyd edib. Rusiya Prezidenti Vladimir Putin də başsağlığı verib. 

Kremlin rəsmi saytında yayılan açıqlamada deyilir: 

“Roma Papası Fransisk xristian təlimlərinin sadiq xidmətçisi, müdrik din və dövlət xadimi, humanizm və ədalət dəyərlərinin ardıcıl müdafiəçisi kimi böyük beynəlxalq nüfuza sahib idi”.Niderlandın Baş nazir Dik Sxof isə bildirib ki, Papa Fransisk hər baxımdan xalqın adamı idi:

“Katolik icması dövrümüzün problemlərini anlayan və onlara diqqət çəkən bir liderlə vidalaşır. O, həyat tərzi, xidməti və mərhəməti ilə həm katoliklər, həm də qeyri-katoliklər üçün nümunə idi”.İtaliyanın Baş naziri Corcia Meloni Papanın ölüm xəbərinin onu dərin kədərə boğduğunu bildirib: 

“Onun dostluğundan, nəsihətlərindən və təlimlərindən, hətta ən çətin və ağrılı anlarda belə bəhrələnmək şərəfinə nail oldum. Müqəddəs Ata ilə ürəkdən vidalaşırıq”.

İspaniya Baş naziri Pedro Sançes də Papa Fransiskin sülhə, sosial ədalətə və ən həssas təbəqələrə sadiqliyini vurğulayıb:

O, sosial media hesabında “Papanın vəfatı məni kədərləndirdi. O, dərin bir miras qoydu. Rahat yatsın”, - deyə bildirib.Polşa Prezidenti Anjey Duda isə Papa Fransiski “müasir dünyanın çağırışlarına cavab verən böyük mərhəmət elçisi” adlandırıb.“O, xidmətlərini sadəlik və təvazökarlıqla yerinə yetirdi”, - deyə Duda əlavə edib.

İrlandiyanın Baş naziri Maykl Martin Papa Fransiskin yoxsullarla, təcrid olunmuşlarla və məzlumlarla həmrəylik göstərdiyini xatırladıb:

“Uzun və görkəmli pontifikatı onun mərhəmət, sülh və insan ləyaqətinə bağlılığı ilə yadda qaldı”.Martin xatırladıb ki, Papa 2018-ci ildə İrlandiyaya səfəri zamanı Katolik Kilsəsində baş verən uşaq istismarlarına görə “ağrı və utanc” ifadə etməsi ilə də yadda qalıb.

Fransiskin vətəndaşı olduğu Argentinanın Prezidenti Xavyer Miley keçmiş fikir ayrılıqlarına baxmayaraq, Papa üçün başsağlığı verib.O, Papa Fransiskin dinlərarası dialoqda oynadığı rolu, gənclər arasında dini maarifləndirməni təşviq etməsini və Vatikanda israfçılığın qarşısını almağa yönəlmiş səylərini yüksək qiymətləndirib.İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə açıqlamasında deyib: 

“Bu xəbəri indicə həmkarlarım mənə çatdırdılar. Bütün dünyadakı xristianlara başsağlığı verirəm”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”