Qara eynəkli “demokrat”: “Xəstə təfəkkürün məhsulu...”

Qara eynəkli “demokrat”: “Xəstə təfəkkürün məhsulu...”

"Əli Kərimli bu ölkədə baş verən bütün hadisələrə yalnız qara eynəklə baxmağa vərdiş edib. Artıq 30 ildən çoxdur ki, o, hakimiyyətə müxalif olmaq istəyir, amma bu məqsədinə çata bilmir".

Bunu "Cebheinfo.az"-a açıqlamasında sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib.

Onun sözlərinə görə, bunun əsas səbəbi isə onun və onun kimilərin seçdiyi yolun düzgün olmamasıdır.

"Əgər onlar həqiqətən sağlam və konstruktiv müxalifət ola bilsəydilər, bu gün ölkədə daha çox iş görülər, daha sürətli inkişaf müşahidə olunardı. Unutmamalıyıq ki, hər bir hökumətə sağlam müxalifət lazımdır. Müxalif fikir düzgün inkişaf yolunun tapılması üçün vacib stimul rolunu oynayır. Təəssüf ki, Əli Kərimli və onun ətrafındakılar bu rolu daşıya bilmir. Onların siyasi yanaşması və münasibəti buna imkan vermir.

Məsələn, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfər onların baxışında dəyərsizləşdirilir. Elə bil Qarabağ onların əcdadları tərəfindən azad edilib. Belə böyük bir uğuru belə qara rəngdə görən insanların ölkədə baş verən digər müsbət hadisələrə obyektiv qiymət verməsi mümkün deyil.

Müharibə zamanı bəziləri "Əgər İlham Əliyev Qarabağı geri qaytarsa, onun ömürlük prezident seçilməsinə səs verəcəyik" və ya "Gedib onun qapısında işləməyə hazırıq" deyirdilər. Prezident Qarabağı azad etdi, bəs nə üçün bu vədlərə əməl edilmədi? Çünki bu sözlər səmimi deyildi, onlar sadəcə ritorikadan ibarət idi".

Fikrət Yusifov vurğulayıb ki, bu ölkədə təkcə mitinqlər keçirmək deyil, eyni zamanda konstruktiv və sağlam müxalif mövqe tutmaq vacibdir: 

"Bugünkü Azərbaycan hakimiyyətinin də bu cür müxalifətə ehtiyacı var. Sağlam müxalifət öz proqramını təqdim etməli, ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı təkliflər irəli sürməlidir.Əvəzində isə söyüş və təhqir dilini siyasi ritorikaya çevirmək, sadəcə olaraq zəiflik və acizlikdir. Xarizması olmayan birini milli qəhrəman kimi təqdim etmək cəhdləri də nəticəsiz və əbəsdir.

Bu gün Azərbaycan ictimai-siyasi sabitliklə seçilən bir ölkədir. Bəli, heç bir hökumət problemlərsiz deyil və Azərbaycan hökumətinin də qarşısında həllini gözləyən məsələlər var. Biz müstəqil mütəxəssislər və tədqiqatçılar zaman-zaman bu problemlərin həlli ilə bağlı hökumətə çağırışlar edir, təkliflər təqdim edirik və bu təkliflərin əksəriyyəti də nəzərə alınır. Cəmiyyət belə inkişaf edə bilər, dövlət belə güclənə bilər. Hökumətin hər bir addımını qara rəngdə görmək isə sadəcə xəstə təfəkkürün məhsulu ola bilər".

Səbinə Uğur
"Cebheinfo.az"