Bu şəxslərə ildə 1440 manat verilir

Azərbaycanda sosial müavinət növlərindən biri də müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına verilən ödənişlərdir.
"Cebheinfo.az" Globalinfo.az-a istinadən xəbər verir ki, bu müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin edilir.
Müavinətin məbləği 120 manatdır. Yəni sözügedən uşaqlara görə ildə 1440 manat ödənilir.
Necə əldə edilir?
Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) struktur bölməsinə, DOST mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.
Tələb olunan sənədlər isə müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti; uşağın şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsi; şəxsin müddətli həqiqi hərbi xidmətdə olmasına dair Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışıdır.
Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. İmtina barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir.
Həmçinin, müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.
Sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir.
Qeyd edək ki, müavinəti almaq hüququ olan şəxslər Azərbaycan vətəndaşları, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilərdir.
"Cebheinfo.az"