İran nədən narahatdır?

“Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyəti İran əleyhinə hər hansı qərar qəbul edərsə, o zaman rəsmi Tehran MAQATE ilə əməkdaşlığı məhdudlaşdıracaq”.
“Cebheinfo.az” xəbər verir ki, İranın Atom Enerjisi Təşkilatının sədr müavini Bəhruz Kamalvəndi dövlət televiziyasında iştirak etdiyi proqramda belə deyib.
Kəmalvəndi MAQATE Direktorlar Şurasının Tehran əleyhinə qərarının BMT-nin İrana qarşı sanksiyalarını bərpa edəcək “tətik mexanizmi”ni (snapback) işə salacağını bildirib.
Atom Enerjisi Təşkilatının sədr müavini, eyni zamanda İrana qarşı istənilən qərara cavab verəcəklərini bildirib:
“İran əvvəlki qərarlarında xəbərdarlıq etmişdi. Lakin onlar bunu nəzərə almadılar və nəticədə biz 60 faiz zənginləşdirmə hasilatını 7 dəfə artırdıq. İndi mümkün qərara qarşı alınacaq tədbirlərin bir hissəsi texniki tədbirlər, digər hissəsi isə Agentlik ilə olan əməkdaşlıq növü olacaq”.
MAQATE mayın 31-də üzv ölkələrə göndərdiyi hesabatda İranın üç açıqlanmayan yerdə nüvə fəaliyyətləri barədə məlumat vermədiyini bildirib.Beynəlxalq Atom Enerjisi Agentliyi rəsmi Tehranın 60 faizə qədər zənginləşdirilmiş uran ehtiyatı ilə bağlı narahatlığını ifadə edib.
Qeyd edək ki, bu gün MAQATE Direktorlar Şurasının iclası keçiriləcək. İclasda MAQATE-nin hesabatına uyğun olaraq İranın nüvə proqramı ilə bağlı qərarın çıxarılacağı gözlənilir.
Müşfiq Abdulla
“Cebheinfo.az”