Ağ Evin məxfi sənədləri qapı-qapı gəzib

Ağ Evin məxfi sənədləri qapı-qapı gəzib

ABŞ-də Donald Tramp və Co Bayden dövründə Ağ Evə aid gizli və həssas məlumatlarının federal işçilərə əlçatanlığı üzə çıxıb. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Washington Post" sensasiyalı məlumat yayıb. Nəşrin məlumatına görə, bu sənədlər təkcə kabinetlərdə və ya bağlı serverlərdə deyil, illərlə "Google Drive" qovluqlarında və mesajlaşma tətbiqlərində dolaşıb.

Söhbət sadə sənədlərdən yox, Ağ Evin planları, Yəmən əməliyyatları ilə bağlı məlumatlar, bank hesabları və təhlükəsizlik infrastrukturları kimi olduqca vacib və həssas mövzulardan gedir. Son hadisə ABŞ-nin Ümumi Xidmətlər İdarəsində (GSA) baş verib. 

İdarə təxminən 11 min 200 federal işçiyə, içində həssas məlumatlar olan bir "Google Drive" qovluğuna həm baxış, həm də redaktə imkanı verib.

Həmin sənədlər arasında Ağ Evin ziyarətçi mərkəzi üçün hazırlanan partlayışa davamlı qapının texniki çertyojları, Tramp dövründə keçirilən mətbuat konfransına logistik dəstək verən şirkətin bank məlumatları və “nəzarət tələb edən məxfi olmayan sənədlər” (CUI) statusunda sənədlər də yer alıb.

Daha da təəccüblüsü odur ki, bu paylaşım Tramp dövründə başlayıb və Bayden dövründə də davam edib.

Xatırladaq ki, Co Baydenin özü də bu cür qalmaqallardan yayına bilməyib.

2023-cü ilin yanvarında müşaviri Riçard Sauber açıqlamışdı ki, Baydenin vitse-prezident olduğu dövrə aid gizli sənədlər Vaşinqtondakı Penn Bayden Mərkəzindəki ofisində tapılıb.

Eyni ayda Baydenin şəxsi evində də altı gizli sənəd aşkarlanmışdı. 

Səbinə Uğur
"Cebheinfo.az"