Evsizlər həbs oluna bilər

ABŞ-nin Kaliforniya ştatının San Xose şəhərində sığınacaq təklifindən üç dəfə imtina edən evsiz şəxslərin saxlanıla biləcəyi açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, şəhərin meri Matt Mahan bunun tətbiqini yeni büdcə planına daxil etməyi hədəflədiklərini açıqlayıb.
San-Fransiskodan təqribən 48 mil cənubda yerləşən San Xosedə müvəqqəti yaşayış və sığınacaqlar üçün maliyyə ayrılması planlaşdırılır.
Hazırda şəhər kiçik evlər, çevrilmiş motellər və 1000 nəfərə qədər adam yerləşdirə bilən dayanacaqlarda müvəqqəti yaşayış yerləri fəaliyyət göstərir.
Plana əsasən, evsizlərə ilkin olaraq xəbərdarlıq və ya cərimə ediləcək. İctimai torpaqlardan icazəsiz istifadə (icazəsiz düşərgə salmaq) əsası ilə sığınacaq təklifindən üç dəfə imtina edənlər barəsində məhkəmə icraatı aparıla bilər. Ancaq şəhərin meri Matt Mahan bu tətbiqin son çarə olduğunu vurğulayıb.
San Xosedə sığınacaqsız yaşayanların sayı təxminən 5 477 nəfərdir. Həmin şəxslərdən 541 nəfərinin mənzil yardımından imtina etdiyi bildirilib.
Mahan Medium platformasındakı bir yazıda "Bir şəxs mətbəxi və vanna otağı olan tamamilə yeni bir mənzildən imtina edərsə, bizim bu insana kömək etmək üçün artıq bir işimiz qalmır" deyib.
Kaliforniyada təxminən 187.000 insanın küçələrdə yaşadığı təxmin edilir.
San Xose bu problemlə mübarizə aparan bir çox şəhərdən yalnız biridir.
Nigar Hacılı
"Cebheinfo.az"