Deputat: "Azərbaycan-Türkiyə-Gürcüstan modeli sabitlik üçün əsasdır”

Deputat: "Azərbaycan-Türkiyə-Gürcüstan modeli sabitlik üçün əsasdır”

"Qədim tarixi keçmişə və mehriban qonşuluq münasibətlərinə sahib Azərbaycan - Gürcüstan əlaqələri bu gün bütün sahələrdə dinamik inkişaf edir". 

Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı "Cebheinfo.az"-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan ən çətin situasiyalarda hər zaman dost və qardaş gürcü xalqının yanında olub və öz dəstəyini əsirgəməyib: 

"Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə rəsmi səfərə gəlməsi strateji tərəfdaşlığımızın daha da dərinləşməsinin göstəricisidir. Liderlərin mətbuat konfransında səsləndirdiyi fikirlər Azərbaycan və Gürcüstan arasında dövlətlərarası münasibətlərin inkişaf perspektivlərinin həm regional, həm də beynəlxalq səviyyədə olduqca mühüm əhəmiyyət kəsb etdiyini bir daha təsdiq etdi". 

Millət vəkili qeyd edib ki, hər iki ölkə təhlükəsizlik, müdafiə, ticarət, enerji, nəqliyyat-logistika, mədəniyyət, turizm və digər sahələrdə geniş əməkdaşlıq mühiti formalaşdırıb: 

"Xüsusilə, rəsmi Bakı və Tblisinin enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng geosiyasi və geoiqtisadi layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına, həmçinin qlobal enerji təhlükəsizliyində müstəsna rol oynayır. Bakı Tbilisi-Ceyhan neft kəməri, Bakı - Tblisi- Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənub Qaz Dəhlizi kimi proyektlər tərəfdaşlığımızın əsas meyarıdır. Üçtərəfli - Azərbaycan, Türkiyə və Gürcüstan əməkdaşlıq modeli Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsində əhəmiyyətli yer tutur". 

Günay Ağamalı diqqətə çatdırıb ki, Azərbaycan və Gürcüstan arasında sağlam təməllərə əsaslanan münasibətlər, hər iki ölkənin liderləri və yüksək vəzifəli rəsmilərinin mütəmadi görüşləri sayəsində daha da möhkəmlənməkdədir: 

"Bütün bu faktlar göstərir ki, Azərbaycanla Gürcüstan arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətləri gələcəkdə də eyni dinamizmlə inkişaf edəcək, regional sabitliyin və əməkdaşlığın gücləndirilməsinə davamlı töhfə verəcək". 

Elmir Mustafa 
"Cebheinfo.az"