“Molde”nin baş məşqçisi: “Qarabağ” qələbəyə layiq idi”

“Molde”nin baş məşqçisi: “Qarabağ” qələbəyə layiq idi”

“Qarabağ” qələbəyə layiq idi”.

Bunu Norveçin “Molde” klubunun baş məşqçisi Erlinq Moe Bakıda “Qarabağ”a 0:1 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşün ardından fikrini bu sözlərlə davam etdirib: “Bilirdik ki, “Qarabağ” hücum futbolu oynayır və bizi öndə sıxacaq. Yaxşı təzyiq göstərməyi bacaran kollektivdir. Bunu da gördük. Hər zaman müdafiədən oyun qurmağa çalışıram. Bu istiqamətdə inkişaf etməliyik. Bunun düzgün yol olduğunu düşünürəm. Hər dəfə uzun toplarla müdafiədən çıxmağı düzgün saymıram. Evdə daha yaxşı oyun göstərəcəyimə inanıram”.

Norveçli mütəxəssis komandasının çıxışından narazı qaldığını etiraf edib: “Məğlub olmağı sevmirəm. Bu üzdən özümü yaxşı hiss etmirəm. Ancaq deməliyəm ki, yaxşı oynamadıq. Xüsusən də, müdafiədən çıxarkən ötürmələrin keyfiyyəti yaxşı deyildi. Komandanın performansından məyusam. ümid edirəm ki, növbəti görüşlərdə daha yaxşı olacağıq”.

O, komandaların qrupdan çıxmaq şanslarına da toxunub: “Məncə, nəsə demək üçün hələ tezdir. Cəmi bir tur keçib. Bir neçə oyundan sonra konkret nəsə demək olar. Qrupun favoriti “Bayer”dir. Onlar Almaniyanın ən yaxşı ikinci klubudur. Digər üç komanda ikinci yer uğrunda mübarizə aparacaq”.

O, “Qarabağ”ı UEFA Çempionlar Liqasının pley-off mərhələsində məğlub olduqları Türkiyə klubu “Qalatasaray”la müqayisə edib: “Bugünkü oyunda rəqib bizə çox az zona verdi. “Qarabağ” “Qalatasaray”la müqayisədə komanda şəklində daha yaxşı futbol göstərir. Sonda Azərbaycanın ölkə olaraq bizi çox yaxşı qarşıladığını deməliyəm. Hazırda sizin üçün çətin dönəmin olduğunu bilirəm. ümid edirəm ki, sonda hər şey sizin üçün yaxşı nəticələnər”.

Cebhe.info