Bu tarixdə kirayə mənzillərin qiyməti artacaq - AÇIQLAMA
Əmlak bazarında mövsümə uyğun dəyişikliklər olur.
Hər il may ayının sonundan başlayaraq avqustun axırına qədər Bakıda kirayə mənzil bazarında durğunluq yaranır.
Durğunluğun əsas səbəbi insanların yay aylarında paytaxtı tərk etməsi ilə bağlıdır. Avqustun sonrlarından etibarən isə kirayə mənzillərə təlabat kəskin artır.
Maraqlıdır, tələbat artacağı halda kirayə mənzil bazarında bahalaşma olacaq?
Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, kirayə mənzil bazarında qiymətlər bahadır:
“Son bir neçə ildə əmlak bazarında kəskin qiymət artımı müşahidə olunur. Bildirim ki, Rusiya Ukraynada genişmiqyaslı müharibəyə başladıqdan sonra Bakıda kirayə mənzillərə təlabat kəskin şəkildə artıb. Son iki ayda qiymətlərdə artım kifayət qədər yüksəkdir. Hazırda şəhərin mərkəzi hissələrində 500-600 manata mənzil tapmaq çox çətindir”.
Onun sözlərinə görə, artıq avqustun sonu, sentyabrın əvvəlinə kirayə mənzil bazarında qiymət artımı gözlənilir:
"Ötən ilin avqust ayının II dekadasında qiymət artımı 6,22 % olub, sentyabrda isə 9,74 % olub. Bu onu deməyə əsas verir ki, avqustun sonu, sentyabrın əvvəlində qiymət artımı qaçılmaz olacaq".
İqtisadçı qeyd edib ki, kirayə mənzil əldə etmək əvvəlki illərlə müqayisədə daha çətindir:
“Kirayə mənzilləri əvvəllər asanlıqla əldə etmək olurdu. Hazırda kirayə bazarında ev sahibləri kirayə mənzilləri istəklərinə uyğun şərtlərlə təqdim edirlər. Bu gün uzunmüddətli kirayə qalmaq şərti ilə verilir deyə, bu bəzi vətəndaşların işinə yaramır. Bu, daha uzun müddətə icarəyə götürmək istəməyən və ya qısamüddətli yaşayışa ehtiyacı olan şəxslər üçün ideal deyil”.
Həsən Məmmədov
“Cebheinfo.az”