Əkiz insanların xarakteri nə üçün fərqli olur?

Əkiz insanların xarakteri nə üçün fərqli olur?

Astrologiya hər zaman insanların marağına səbəb olur. 

Bir çox insan üçün bu sahə o qədər maraqlıdır ki, həyatlarını belə bürclərə uyğunlaşdırırlar. 

Gündəlik bürclərlər maraqlananların da sayı kifayət qədər yüksəkdir. 

Bürclərə maraq çox olduğu üçün zaman-zaman diqqətçəkən məsələlər də gündəmə gələ bilir. Onlardan biri də əkizlərlə bağlıdır. 

Belə ki, son günlərdə sosial şəbəkələrdəki bəzi söhbət qruplarında eyni gündə doğulan əkizlərin nə üçün fərqli xarakterə malik olması müzakirə olunurdu. 

Xüsusilə də əkiz insanların eyni bürcdə olmalarına rəğmən xarakterlərinin tam fərqli olması barədə rəylər yazılırdı. Çünki adətən bürcləri eyni olan şəxslərin bənzər xarakterə malik olduğu deyilir. 

Bəs necə olur ki, əkizlər tamam fərqli xarakterlərə sahib olurlar?

Bu sualı tanınmış astroloq Səbuhi Rəhimliyə ünvanlandıq.

Astroloq “Cebheinfo.az”a açıqlamasında deyib ki, iki dəqiqədən bir planetar sürüşmə olur:

“Bu isə insanın xarakterinə təsir edir. Məsələn, mənim də iki qardaşım əkizdir. Eyni ata-ananın genindən gələn, eyni məktəbdə oxuyan insanlardır.

Onların dünyaya gəlmələrində cəmi 35 dəqiqə fərq var. Eyni mühitdə böyüyüblər, amma xarakterləri fərqlidir. Biri şeir, kitab yazır. Digər isə tikinti sektorundadır”.

O bildirib ki, bürc, gün, il eyni olsa da, xarakter fərqlənə bilir:

“Bundan başqa, elə əkiz uşaqlarla rastlaşmışam ki, biri balaca cücəni görəndə onu sığallayıb öpürdü, o biri isə vururdu. Burada valideyndən uşaqlara ötürülən genetik faktorları da nəzərə almaq lazımdır.

Həmçinin, valideyninin və mühitin də rolu olur. Üstəlik, insanın özünün fərdi maraqları da var. Ümumiyyətlə, bürc bizim xarakterimizi 30 faizdən çox formalaşdırmır”.

Elmir Mustafa
“Cebheinfo.az”