Masallıda çaydan XIX əsrə aid kitablar tapıldı - FOTOLAR

Masallıda çaydan XIX əsrə aid kitablar tapılıb.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, ötən gün axşam saatlarında Məmmədoba–Tuado yolu boyunca axan Çaykəş çayının sularında yerli sakinləri təəccübləndirən bir mənzərə müşahidə olunub.
Çayın səthində su axını ilə hərəkət edən bir neçə bağlama görünüb, onlardan biri Masallı sakini Rauf Cəbiyev tərəfindən sudan çıxarılıb.
Bağlama açıldıqdan sonra içərisindən 9 qədim kitab çıxıb.
Kitablar nəm çəksə də, diqqətlə nəzərdən keçirildikdə məlum olub ki, onlar ərəb dilində yazılıb və qədim "şikəstə" xətti ilə qələmə alınıb. İlkin baxış və araşdırma aparan yerli din xadimlərinin sözlərinə görə, bu kitablar dini ədəbiyyat nümunələridir və ehtimal ki, XIX əsrin əvvəllərində və ya ortalarında çap olunub.
Hazırda tapılmış kitabların kimə məxsus olduğu, niyə və necə suya atıldığı məlum deyil.
Məsələ ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırmalara başlanılıb.
"Cebheinfo.az"