Bakıda film şöləni olacaq

Bakıda film şöləni olacaq

10-15 noyabr tarixlərində Bakıda XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək.

Cebhe.info xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Qısa Filmlər Festivalın Təşkilat Komitəsi məlumat yayıb.

Bildirilib ki, yerli müsabiqəyə 2021-23 cü illərdə istehsal edilən bədii, sənədli, animasiya filmləri və sosial çarxlar qəbul olunur. Müəlliflər filmlərini festivalın saytı vasitəsilə sentyabrın 20-dək göndərə bilər. Beynəlxalq müsabiqəyə xarici və yerli müəlliflər bədii, sənədli və animasiya filmlərini avqustun 31-dək göndərməlidirlər.

Müəlliflər 30 dəqiqə, “Cinemobil”ə isə 5 dəqiqədən çox olmayan filmlərini təqdim edə bilərlər. Yerli müsabiqədə iştirak hüququ qazanan filmlər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari” və “Ən yaxşı tələbə filmi” nominasiyası uğrunda mübarizəyə qoşulacaq.

Festivalın müsabiqə bölmələrində iştirak edəcək qısa filmlərin siyahısı oktyabrın 25-də elan olunacaq.

Xatırladaq ki, festivalın əsas mükafatı “Qızıl Nar”dır. “Qızıl Nar”la yanaşı festival bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplom təqdim edir.

Qeyd edək ki, “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi Bakı Beynəlxalq Qısa Filmlər Festivalı artıq 14 ildir fəaliyyət göstərir.

Günay Şahmar
Cebhe.info