Qalmaqallı psixoloqdan olay AÇIQLAMA: “Hər kəsdə uşaqlıq travması var…”

Qalmaqallı psixoloqdan olay AÇIQLAMA: “Hər kəsdə uşaqlıq travması var…”

“İnsanın formalaşma dönəmi uşaqlıqdan başladığı üçün psixoloqlar onların hər hansısa problemi ilə məşğul olanda uşaqlıqlarından yola çıxırlar”.

Bu sözləri məşhur psixoloq Əfsanə Rüstəmova “Cebhe.info”-ya açıqlamasında deyib. O, insanlarda uşaqlıq travmasının necə ortaya çıxması barədə danışıb:

“Uşaqlıqda yaşadığımız hər hansı hadisələr gələcəkdə olacaq reaksiyalarımıza istinad nöqtələridir. Bu isə sadəcə travma ilə formalaşmır. Bunu “yaddaş kartımız” da adlandıra bilərik. Ümumiyyətlə, uşaqlar üçün anlayış olmur. Onlar, “ağ kağız” kimidirlər və biz üstünə nə yazsaq, onu da alırlar.

İnsanın uşaqlıqda yaşadığı hansısa hadisə həcm olaraq ona çox gələ bilər. Hətta azyaşlının problemini dinlədikdə, “burada nə var ki?” deyə bilərsiniz. Lakin uşağın yaş və anlaq səviyyəsini işin içinə qatanda başa düşürsünüz ki, bu, onun yükü deyil. Məsələn, mən sizə desəm ki, zəhmət olmasa, bu 10 kiloluq bağlamanı qaldırmağa kömək edə bilərsiniz? Siz kömək edə bilərsiniz. Amma bunu bir uşaqdan xahiş etsəniz, onu narahat edəcək və həmişəlik yaddaşında qalacaq”. 

Həmsöhbətimiz vurğulayıb ki, əslində travma uşağın yaş və anlaq səviyyəsindən daha böyük həcmdə hadisələr yaşamasıdır:

“O, gələcəkdə də hadisələrə reaksiya verərkən həmin hadisənin yaratdığı hissə istinad edir. Bu, həm də bizim işimizi çox çətinləşdirir. Hər insan müxtəlif mövzulardan başqa cür təsirlənə bilər. Burada mütləq bir məsələ yoxdur. Yəni “Uşaqlıqda bunu yaşayanda, böyüyəndə belə olur” deyə bilmərik. Ümumiyyətlə, ehtimallar çoxdur və bunların hər biri şəxsin psixoloji, fiziki və mənəvi göstəricilərinə görə dəyişir.

Bizlər bir yerdən sonra travma nöqtəsinin hara olduğunu biləndə həyata baxış bucağımızı dəyişirik. Artıq hadisəyə istinad nöqtəsi kimi uşaqlıqdakı hansısa travmadan baxdığımızı bildiyimiz üçün reaksiyada seçim edə bilirik. Amma başa düşməliyik ki, artıq böyümüşük, həmin vaxt deyil və o qədər gücsüz deyilik, eləcə də qarşımızdakı şəxs o deyil. Bu qədər fərqli dəyişənlərin olduğu situasiyada eyni nəticəni gözləmək doğru deyil”. 

Psixoloq diqqətə çatdırıb ki, insan indi həmin həcmli hadisəni yaşasa da, fiziki və psixoloji dayanıqlılığı və qarşıdurma gücü əvvəlki kimi olmadığı üçün nəticənin də fərqliliyinə əmin olmalıdır:

“Amma çox vaxt həmin yazıq və çarəsiz uşaq modunda qalırıq. Psixologiya buna şemalar deyir. Hər kəsin bu cür şemaları var. Buraya çarəsiz uşaq, aqressiv və intiqam alan uşaq modlarını da əlavə edə bilərik. Bundan xilas olmağın yeganə yolu var. İnsan mental və psixoloji göstəricilərinə görə olan normalını tənzimləməlidir. Yəni “xoşbəxt yetişkin modu”na keçməliyik.

Psixologiyanın təməl hədəfi odur ki, insanların yaşadığı hadisələrdən asılı olmayaraq, onları “xoşbəxt yetişkin modu”na gətirsin. Nəzərə almaq lazımdır ki, insan 6 yaşında yaşadığı travmanı 36 yaşında yaşamır. O, artıq 6 yaşındakı kimi müdafiəsiz olmadığını dərk etməli və bənzər hadisələri yaşamaqdan qorxmamalıdır. Burada valideynlərə və cəmiyyətə də rol düşür.

Biz insanlara mütəmadi şəkildə uğurlarını və bacarıqlarını xatırlatmalıyıq. Amma uşaqlıqda pis hadisə yaşayan insana “Bu, özünü qoruya bilmir, o vaxtı da belə bir şey yaşamışdı” və ya “O güclüdür, elə hadisəyə rəğmən dik dayana bildi” kimi fikirlər deməməliyik. Çünki fərqində olmadan o neqativ hadisənin yükünü və ya obrazını şəxsə yükləməyə çalışırıq. Halbuki, insan uşaqlıqda yaşadığı travma göstəricilərində deyil”. 

Əfsanə Rüstəmova qeyd edib ki, hər kəs uşaqlıq travması yaşaya bilər:

“Əslində məsələ yaşanılan hadisələr deyil. Məsələ yaşanılan hadisələrə çevrənin verdiyi reaksiyadır. Burada travma dediyimiz şey hadisənin həcminə görə formalaşmır. Hadisənin həcminin qərarını kənardakı insanların verdiyi reaksiyalar formalaşdırır. Ona görə də eyni hadisələr müxtəlif ailə tiplərində fərqli həcmdə xatirə və ya travma olaraq dəyərləndirilir. Bu, çox mühümdür. Ona görə ki, insanlar reaksiya verərkən nəzərə almalıdırlar ki, onların bu reaksiyaları başqa insanın hansısa təməl duyğusunu formalaşdırır. Bəlkə də burada valideynlərə, ibtidai sinif müəllimlərinə və pedaqoqlara çox böyük məsuliyyət və yük düşür. Çünki onların verdiyi reaksiyalar uşaqların gələcəkdə hadisələrə verəcəyi reaksiyaları formalaşdırır.

Önəmli olan hadisədə travma və ya faciə axtramaq deyil. Bizim baxanda adi, sadə gördüyümüz şey azyaşlı uşağın gözündə böyük bir faciə kimi görülə bilər. Şema və düyün hadisəyə əsasən deyil, hadisəyə verilən reaksiyaya əsasən formalaşır. Düşünürəm ki, cəmiyyət olaraq şəxslərə bacarıqlarını, üstünlüklərini və uğurlarını xatırladaq. Məsələn, xaricdə çox böyük bir mədəniyyət formalaşıb.

Çox kiçik şeyləri belə böyük uğur kimi qeyd edirlər. Bizdə isə bu mədəniyyət bir az zəifdir. Ümumiyyətlə, hamımızın uşaqlığında travmalar var. Amma bu düyünlərə yüklədiyimiz anlamları daha da kəskinləşdirə bilirik. Bəzən psixoloqlar da bununla bağlı bəzi səhvlərə yol verirlər. Sanki bundan qidalanırlar kimi gündəmə bunu çıxarırlar. Travma yaşayan insana həmin hadisəni xatırltmaq olmaz. İstədiyimiz nöqtə bütün şəxslərin xoşbəxt yetişkinlik modelini yaratmaqdır. Psixologiyanın da təməl hədəfi budur”. 

Elmir Mustafa 
“Cebhe.info”