Rəfail Becanov: “Biz Ermənistana qarşıyıq, onlar isə ermənilərlə eyni səfdə dayanırlar”

Siyasi əllaməçiliklə məşğul olanlar millətin bu günündə də bəd əməllərindən əl çəkməyi bacarmadılar.
Ermənilərlə bir sırada səf tutmağın adı nədir? Siyasi fikir ayrılığı, hansısa məsələdə fərqli mövqe tutmaq, müxalifət olmaq ərazi bütövlüyümüzə yönələn təxribata, qəsdə dəstək vermək deyil axı! Amma siyasi əllaməçiliklə məşğul olanlar utanmadan bunu da etdilər. Xüsusi seçilən yenə də Əli Kərimli və onun dəstəsi oldu.
AXCP sədri Əli Kərimli, onun əlaltıları - “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid kimi, AXCP Rəyasət Heyətinin üzvü Nemət Əliyev, Kərimlinin şəxsi cangüdəninə çevrilən Müsavat və Milli Şuranın üzvü, özünü Qarabağ qazisi sayan Tofiq Yaqublu tarixin unutmayacağı bu utancverici hərəkətdən çəkinmədilər. Bu adamlar görəsən, baş verən təxribatın heç olmasa koordinatlarına xəritədə baxıblarmı?
Ermənistanın növbəti təxribatı Ermənistan-Azərbaycan sərhədində baş verib. Bunun 44 günlük müharibədə qazandığımız qələbəyə nə dəxli var? 44 günlük müharibədə Azərbaycan sözsüz olaraq zəfər qazanıb. Şuşa 28 il işğal altında idi. Bilet alıb, avtobusla Müsavat başqanı Arif Hacılı Şuşaya gedib-gələ bilirsə, demək, Ermənistan kapitulyasiya aktını imzalayıb və məğlub olub. Yoxsa ermənilər könüllü olaraq bizə Şuşanı qaytardılar? Şuşanı da, digər ərazilərimizi də 44 günlük müharibədə qazandığımız Zəfərlə geri qaytardıq. Ermənistanın indiki hərəkəti sülh prosesini əngəlləmək və öhdəliklərini yerinə yetirməmək cəhdidir.
Ermənistanın hərbi-siyasi rəhbərliyi qəsdən müxtəlif təxribatlara əl atır. Sərhədboyu ərazilərdə baş verənlər də onun tərkib hissəsidir. Ermənilərlə eyni sırada səf tutanlar biməlidirlər ki, hansısa bir dövlət başqa bir dövlətin sərhədini pozursa, sərhədi pozulan ölkə təbii ki, müqavimət göstərəcək və gücü, ordusu, silah-sursatı varsa, düşməni, təxribatçını hərbi yolla susduracaq. Azərbaycan da eynən belə etdi. Təxribat törədən, Azərbaycan sərhədini pozan Ermənistana öz yerini göstərdi.
Təbii ki, döyüş şəraiti varsa, itki də olacaq. Amma bundan sui-isitifadə edib, siyasi əllaməçiliklə məşğul olmaq, Azərbaycanın haqq işinə kölgə salmaq cəhdi ermənilərlə eyni tərəfdə yer almaqdır. Bunu edənlər utanmalıdırlar. Əli Kərimli və onun təşkilatının üzvləri, Arif Hacılı, Tofiq Yaqublu belə mövqe ilə öz siyasi kimlikləriylə yanaşı, şəhidlərimizin ruhuna da hörmətsizlik etdilər.
Millət sevgisi, demokratiya aşiqliyi bu deyil. Demokratiya aşiqliyi, millət sevgisi ermənilərin səfində yer tutmaqdırsa, milyonlarla azərbaycanlı orada yoxdur. Amma öz korporativ maraqlarına, siyasi ehtiraslarına əsir düşən - Altay Göyüşovdan Əli Kərimliyə qədər o səfdədir. Biz bunu çoxdan bilirik...
Rəfail Becanov,
Cebhe.info və “Cümhuriyət”in baş redaktoru
Cebhe.info