AKP-li deputatdan eksklüziv MÜSAHİBƏ: “Əhməd Davudoğlu və Əli Babacan “altılı masa”nı sarsıdırlar”

AKP-li deputatdan eksklüziv MÜSAHİBƏ: “Əhməd Davudoğlu və Əli Babacan “altılı masa”nı sarsıdırlar”

Türkiyənin siyasi gündəminin əsas mövzusu aylar sonra keçiriləcək seçkilərdir.

“Cümhur İttifaqı” və “Millət İttifaqı” arasında həm prezidentlik, həm də parlament uğrunda mübarizə gedir. 18 iyunda keçirilməsi planlaşdırılan seçkilərin vaxtının önə çəkiləcəyi də gözlənilir. Həmçinin, “Millət İttifaqı”nın namizədinin hələ də açıqlanmaması, “Cümhur İttifaqı”nın genişlənə biləcəyi və İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində verilən həbs qərarı da siyasətin əsas gündəmini təşkil edir.

Bütün bunları Cebhe.info-nun “Siyasi Gündəm” rubrikasında müzakirə etdik. Qonağımız Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı Şamil Ayrımdır.

- Şamil bəy, Ədalət və İnkişaf Partiyası (AKP) seçkilərə necə hazırlanır? Seçkilərdən gözləntiləriniz nələrdir?

- Ədalət və İnkişaf Partiyası (AKP) 20 ildir iqtidardadır. AKP-nin özünəməxsus bir özəlliyi var ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə bir seçki bitdikdən həmən sonrakı gün növbəti seçkiyə hazırlaşır. Dolayısı ilə AKP 4-5 ildir ki, seçkilərə hazırlaşan bir partiyadır. Biz hazırda Türkiyənin ən çox üzvünə sahib olan partiyasıyıq. Təxminən 11 milyona yaxın partiya üzvümüz var. Bu isə o deməkdir ki, 4 nəfərlik bir ailəni hesabladığınız zaman sayımız 40-44 milyon insan edir.

ümumiyyətlə, AKP təşkilatları, nazirləri və hökuməti ilə hər atdığı addımda seçkilərə hazırlanan bir partiyadır. Onsuz da son 1,5 ildə təşkilanma baxımından bütün çalışmalarımızı tamamlamışıq. Sandıqların başında duracaq şəxslərə qədər hər şeyi müəyyən etmişik. üstəlik hər həftənin üç günü - cümə, şənbə və bazar deputatlar və təşkilatlarımızla bərabər toplanıb əskiklərimizi düzəltməyə çalışırıq. Biz partiya olaraq seçkilərə hazırıq. İnşallah, vətəndaşlarımız 20 ildir AKP-yə göstərdikləri güvəni bu seçkilərdə də göstərəcəklər. Biz buna inanırıq.

- Son zamanlar erkən seçki məsələsi gündəmdədir. Xüsusilə 14 may tarixi ön plana çıxır. Həqiqətən seçkilər 14 mayda keçiriləcək?

- Biz seçkilərin vaxtının önə çəkilməsinə də hazırıq. Prezident Rəcəb Tayyib Ərdoğan 14 may tarixini səsləndirməsə də, seçkilərin bir az önə çəkilə biləcəyini dedi. Vaxtı önə çəkəndə isə bizim üçün ən uyğun tarix 14 may olaraq görünür. Hətta həmin tarixlə bağlı qərarın qəbul edilmə ehtimalı yüksəkdir. Bu ayın sonu və ya fevral ayının əvvəli bu da yavaş-yavaş öz təsdiqini tapacaq.

- Hür Dava Partiyası ilə AKP rəsmiləri arasında görüş keçirildi. Görüşdən sonra “Cümhur İttifaqı”nın genişlənə biləcəyinə dair açıqlamalar verildi. “Cümhur İttifaqı” genişləyəcəkmi?

- Təbii ki, belə bir ehtimal var. “Cümhur İttifaqı”nın qapısı milli və mənəvi duruşu olan, eləcə də düşüncə tərzi bizimlə uyğunluq təşkil edən bütün partiyalara açıqdır. Biz bu ittifaqın daha da genişlənməsini istəyirik. Əlbəttə ki, bir neçə partiya “Cümhur İttifaqı”na qatıla bilər.

- “Cümhur İttifaqı”nın prezidentliyə namizədi bəlli olsa da, “Millət İttifaqı” namizədini hələ də açıqlamayıb. Sizcə, müxalifətin namizədini açıqlamamasının səbəbi nədir?

- “Altılı masa”nın son zamanlardakı iclaslarında anlaşa bilmədikləri və sanki masanın dağılacağı görüntüsü yaranıb. Xüsusilə Əhməd Davudoğlu və Əli Babacan çox fərqli sözlərlə “altılı masa”nı sarsıdırlar. Məsələn, Davudoğlu qərarları 6 partiya liderinin birlikdə alacağını, prezidentin isə təsdiqləyəcəyini deyir. Bu sözlər Türkiyədə xeyli gündəm oldu.

Böyük ehtimalla, müxalifətin namizədi bu ayın sonunda açıqlanacaq. Onsuz da aylar öncəsindən Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı “Cümhur İttifaqı”nın namizədinin Rəcəb Tayyib Ərdoğan olacağını elan edib. Yəni biz Prezidentimizlə təkrar bu seçimə giririk. Qarşımızdakı rəqibdən asılı olmayaraq hədəfimiz seçkinin birinci turunda qalib gəlməkdir. İnanırıq ki, xalqımızın səsi ilə buna nail olacağıq.

“Millət İttifaqı”nın çıxaracağı namizədi isə birlikdə görəcəyik. Həqiqətən Türkiyəyə faydalı ola və Rəcəb Tayyib Ərdoğanla müqayisə oluna biləcəkmi? Türkiyə hazırda çox uğurlu xarici siyasət yerinə yetirir. Hətta Pakistan Rəcəb Tayyib Ərdoğanı “Nobel” mükafatına namizəd göstərdi. Yəni xarici siyasətdə bu qədər uğurlu olan bir lider var. Daxildə isə son 20 ildə Türkiyədə mümkünsüz kimi görünən islahatlara imza atan bir lider və komandası var. Ona görə də biz cənab Prezidentimizlə bu seçkini ilk turda qazanacağımız qənaətindəyik.

- Əkrəm İmamoğlu barəsində verilən həbs qərarı da siyasətin əsas gündəmini təşkil edir. “Millət İttifaqı”nın buna sərt təpkisi var. Sizin bu məsələdəki mövqeyiniz necədir?

- Biz AKP olaraq siyasi partiyaların bağlanmasına və qadağalara əvvəldən qarşıyıq. Bildiyiniz kimi, Prezident Rəcəb Tayyib Ərdoğan da siyasi qadağa alaraq, bir neçə ay həbs olunmuşdu. Lakin ondan sonra siyasətə davam etdi. Türkiyədə qərarı hakimlər və məhkəmələr verir. Hazırda Əkrəm İmamoğlu ilə bağlı hüquqi proseslər davam edir. Amma bu, o demək deyil ki, İmamoğlu həbs olunacaq və ya siyasi qadağa alacaq. Proses davam edir. İstinaf Məhkəməsi və Ali Məhkəmənin qərarını gözləmək lazımdır.

Biz müxalifət partiyalarının daxili işlərinə qarışmırıq. Əkrəm İmamoğlu öz partiyasını belə iki yerə bölüb. O, İstanbul seçkilərində qələbə qazandıqdan sonra bir anda prezidentliyə namizəd kimi göstərildi. Fəqət Əkrəm İmamoğlunun heç bir uğuru yoxdur.

Yəni onun Rəcəb Tayyib Ərdoğanla müqayisə edilməsini istəmirik. Ərdoğan İstanbulun sədri olanda şəhərdə ciddi islahatlar həyata keçirdi. Ona qədər İstanbul hər yeri zibillik olan, havası kirli və infrastrukturu xarab şəhər idi. Ərdoğanın rəhbərliyi dövründə çox mühüm işlər həyata keçirildi. Əkrəm bəy isə heç nə etməyib, amma hər gün gündəmdədir. Hətta mətbuatda və sosial şəbəkədə İmamoğlunun prezidentliyə namizəd olması üçün onu qızışdıran xarici qüvvələr var.

- ABŞ-ı nəzərdə tutursunuz?

- Bəli. Hətta ABŞ mediasının Türkiyədəki seçkilərin 2023-cü ilin ən önəmli seçkisinin olacağını deməsinin səbəbi də bəllidir. Xatırlayırsınızsa, Co Bayden Prezident seçildiyi zaman açıqlama verərək, “Türkiyədəki iqtidarı seçki ilə göndərəcəyik” demişdi. Yəni o, ABŞ-ın da iqtidarın dəyişməsinə dəstək verəcəyini dedi. Axı sən kimsən? Türkiyə Cümhuriyyətini sənmi idarə edirsən? Türkiyə müstəqil və azad bir dövlətdir. Qurtarıcımız qazi Mustafa Kamal Atatürkün dediyi kimi, “yurtda sülh, cihanda sülh” istəyən bir dövlətik.

Amma Türkiyənin Rusiya-Ukrayna müharibəsində vasitəçilik edərək, oradakı taxılın dünya bazarına çıxarılması və əsirlərin dəyişdirilməsi ABŞ-ı narahat edir. Həmçinin, Türkiyənin ABŞ-a möhtac olmaması, dik duruşu və PUA-ları ilə İkinci Qarabağ müharibəsini qazanmasında Azərbaycanın yanında yer alması onları qorxudur.

Bu gün Türkiyə dünyanın ən böyük 20 iqtisadiyyatının içində olan ölkədir. Neft-qazımız olmamasına rəğmən, ixracatı və turizm gəlirləri ilə dünyada söz sahibi olmaq istəyən bir ölkəyik. ABŞ isə Yaxın Şərqdə Türkiyənin güclənməsini, eləcə də Suriya və İraqda mövcudluğunu istəmir. İndiyə qədər terror qruplaşmları ilə mübarizədə ABŞ PKK/PYD və İŞİD-i dəstəkləyib. Ancaq Türkiyə indiyə kimi terror qruplaşmalarına 40 milyard dollara yaxın pul xərcləyib və minlərcə türk gənci şəhid olub. ABŞ isə səsini çıxarmayıb.

- “Millət İttifaqı” iqtidara gələcəyi təqdirdə Türkiyənin parlament üsul-idarəsinə keçəcəyini bəyan edib. Müxalifətin bəzi üzvləri isə Rəcəb Tayyib Ərdoğanın da növbəti dəfə seçiləcəyi təqdirdə, parlament üsul-idarəsinə keçid edə biləcəyi ilə bağlı iddialar səsləndiriblər. Belə bir ehtimal varmı?

- Xeyr. Çünki biz Prezident üsul-idarəsinin faydalarını Qarabağ müharibəsində də gördük. Yəni Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Qarabağ müharibəsində çox sürətli və anlıq qərarlar verildi. Bu sistem çox sürətli qərarların alındığı sistemdir.

Bundan sonra Türkiyənin keçmiş sisteminə qayıtmasından söhbət gedə bilməz. Onsuz da sistemlə bağlı hansısa problemlər varsa, biz zaman içərisində onları düzəldirik. Amma müxalifətin iddia etdiyi kimi, bizim yenidən parlament üsul-idarəsinə keçidimiz mümkün deyil. Elə bir şey olsaydı, biz iki il əvvəl bununla bağlı çalışmalar edərdik. Düşünürük ki, bu, Türkiyə üçün ən uyğun sistemdir. Türkiyə bu sistem sayəsində daha da böyüyəcək.

-Yaxın aylarda Prezident Rəcəb Tayyib Ərdoğan ilə Suriya dövlət başçısı Bəşər Əsəd arasında görüş gözlənilir. Seçkidən öncə belə bir görüş reallaşa bilərmi?

- Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında seçkidən öncə görüş olacağı ilə bağlı dəqiq bir şey deyə bilmərəm. Amma Türkiyə Suriyada “təhlükəsiz bölgə” yaradıb. Orada tikdiyimiz yaşayış yerlərinə suriyalı vətəndaşlar yerləşdirilib. Biz bütün bunları Suriya və Rusiya ilə dialoq içində etməyə çalışırıq.

Hazırda onsuz da Türkiyə-Suriya arasında kəşfiyyat xidməti və rəsmi şəxslərin görüşləri keçirilir. Həmçinin, prezidentlərin görüşməsi üçün bir zəmin hazırlanır. Hər an bir sürpriz görüşmə ola bilər. Biz bu regionda sülh içində yaşamaq istəyirik və heç kimin torpağında gözümüz yoxdur. Heç kimin də bizim torpağımızda gözünün olmasını istəmirik.

Elmir Mustafa
Cebhe.info