Azərbaycan gənclərinin istəyib ala bilmədiyi PUL

Dünyanın inkişaf etməsi ilə internet həyatımıza birbaşa təsirini göstərir.
Bu təsir maliyyə məsələlərində də önə çıxır. Əvvəl ancaq nağd şəkildə ödənişlər edirdiksə, artıq onlayn ödənişlər var. İnsanlar bütün ödənişlərini, alış-verişlərini sadəcə bir tuşla, virtual olaraq həyata keçirirlər. Əlbəttə ki, bütün bu əməliyyatların arxasında banklar və dövlət təminatı dayanır. Amma artıq pulun da alternativi var. Yəni son illərdə adını çox tez-tez eşitdiyimiz kriptovalyuta bazarı məhz belə formalaşdı.
Həmin bazar tamamilə virtualdır, arxasında heç bir bank və dövlət dayanmır. Bəzi xırda dövlətlər istisna olmaqla, dünyanın heç bir dövlətində kriptovalyutalar rəsmi pul vahidi hesab olunmur.
Əsas kriptovalyuta illərdir ki, “Bitkoin”dir. Bu, dünyanın ən geniş yayılmış kriptovalyutası hesab olunur. İnsanlar “Bitkoin” istifadə edərək, internet üzərindən bir-birinə birbaşa rəqəmsal pul göndərə bilirlər.
“Bitkoin” ilə bağlı hər bir əməliyyat blokçeyn vasitəsilə izlənilir. Bu, bank kitabçasına, habelə bankdan daxil olan və çıxan müştərilərin resurslarının dəftər qeydinə bənzəyir. Sadə dillə desək, bu, “Bitkoin”dən istifadə edilən bütün əməliyyatların qeydidir.
Bank kitabçasından fərqli olaraq, “Bitkoin” blokçeynindəki bütün qeydləri internet üzərində hər kəsə açıqdır. Yəni oradakı alış-verişləri hər kəs baxa bilər. Lakin heç bir şirkət, ölkə və ya üçüncü tərəf buna nəzarət edə bilmir. üstəlik, ekspertlər tərəfindən bu rəqəmsal pul heç bir şəkildə şişirdilə və ya manipulyasiyaya məruz qala bilməyəcəyi qeyd edilir.
“Bitkoin”in qısaltması isə BTC adlanır. İnsanlar bu dijital pulu ucuz qiymətə satın alaraq, qiyməti bahalaşdıqda yüksək gəlir əldə edə bilirlər. “Bitkoin”dən sonra yüzlərlə yeni kriptovalyuta bazara buraxıldı. Amma onların heç biri “Bitkoin” kimi dəyər qazanmağa və tanınmağa nail olmadı.
Virtual pulun tarixi
“Bitkoin”in ilk dəfə 2008-ci ildə ortaya çıxıb. “bitcoin.org” adlı domen adı 2008-ci ilin avqustunda onlayn şəkildə satın alınıb. Bundan cəmi bir neçə ay sonra “Bitkoin” haqqında məqalə ortaya çıxdı. “Bitkoin”in Satoshi Nakamoto kod adlı şəxs tərəfindən yaradıldığı deyilir. Buna səbəb sözügedən kriptovalyuta haqqında məqalənin Satoshi Nakamoto imzalı şəxs tərəfindən yazılmasıdır. Əslində, “Bitkoin” virtual mədənçilik prosesi ilə çıxarılan dijital pul vahiddir. Bu kriptovalyuta 3 yanvar 2009-cu ildə 30.000 kodla yaradılıb.
Bitkoin necə istehsal olunur?
“Bitkoin” istehsal etmək üçün virtual sikkələr çıxarmaq lazımdır. Mining sayəsində müəyyən miqdarda sikkələr əldə edilir, yəni sikkələr çıxarılır. Virtual mədənçilik üçün lazımi avadanlığa malik kompüter tələb olunur. Çünki mədənçiliklə məşğul olan insanlar kompüterlərində güclü qrafik kartlardan istifadə edirlər. Bu yolla onlar müntəzəm olaraq aylıq qazanc əldə edirlər.
“Bitkoin”i necə almaq olar?
“Bitkoin” almaq üçün çox sadə üsullar var. Ona sərmayə qoymaq istəyən hər bir şəxs praktiki olaraq heç bir çətinlik çəkmədən buna sahib ola bilər. “Bitkoin” almaq üçün ilk növbədə etibarlılığını sübut edən yaxşı kriptovalyuta birjasının üzvü olmalısınız. Bundan sonra hesabınıza pul yatırmalısınız. Pulu hesabınıza köçürdükdən sonra əməliyyat təsdiqlənir. Bundan sonra “Bitkoin” almağa hazır olacaqsınız. Alış prosesi çox sadə və sürətlidir.
“Crypto Consulting MMC”-nin direktoru Elnur Quliyev kriptovalyuta və “Bitkoin”lə bağlı bütün suallara “Cümhuriyət” qəzetinə verdiyi müsahibədə aydınlıq gətirib.
- Elnur müəllim, Azərbaycanda kriptovalyutaya maraq necədir?
- Ölkəmizdə kriptovalyutaya maraq 2017-ci ildən yaranıb və xüsusilə “Bitkoin” gənclər arasında daha çox populyardır. Hazırda kifayət qədər investorlar var ki, ciddi şəkildə bu sektoru araşdırırlar. Sadəcə indiki vəziyyətdə rəqəmsal valyutalarla ilə bağlı müvafiq qanunvericilik bazası və ya tənzimlənmə mexanizmi olmadığından, kripto investisiyaların həcmi barədə dəqiq informasiya demək mümkün deyil. Yerli korporativ şirkətlər və fərdi investorlar kripto investisiyalara maraq göstərsələr də faktiki olaraq hər hansı bir fəaliyyət göstərə bilmirlər. Bu səbəbdən də Azərbaycanda kriptovalyuta maraq artsa da, alqı-satqısı üzrə dövriyyə və ya rəqəmsal valyuta istifadəçiləri haqqında hər hansı bir statistika yoxdur.
- Kriptovalyutalarda gəlir əldə etmək üçün nə qədər məbləğlə başlamaq olar?
- Bu sektorda investisya etmək üçün ilkin mərhələdə minimal 20-30 dollar ilə də başlamaq mümkündür. Amma bu faktor investorun risk iştahasından daha çox aslıdır. İnvestor daha çox qazanc əldə etmək istəyirsə, daha çox investisiya etməli və daha uzun müddətdə gözləməyi bacarmalıdır. Adətən kripto investissiyalar minimal 2 il və daha çox müddətdə ediləndə daha effektiv hesab edilir.
- Bəs Azərbaycanda “Bitkoin”i necə əldə etmək olar?
- Azərbaycanda kriptovalyutnı yalnız onlayn formada kriptovalyuta birjaları və xarici mübadilə servislərindən almaq mümkündür. Ölkəmizdə kriptovalyutalara investisiya etmək istəyən şəxs ardıcıl olaraq 4 dəfə komissiya xərci ilə qarşılaşır: Birjaya mədaxil zamanı rüsum bank tərəfindən tutulur, birjada alqı-satqı zamanı tutulan komissiyalar hər əməliyyat üçün tutulur, birjadan rəqəmsal vəsaitin məxaric edildiyi zaman tutulan komissiya konkret tariflər əsasında birja tərəfindən tutulur, bank hesabına mədaxil olmuş vəsaitin nağdlaşdırılması zamanı tutulan rüsumu banklar nağdlaşdırma komissiyası kimi tutur. Qoyulan investisiya o dərəcədə rentabelli olmalıdır ki, bütün bu sadalığım komissiya xərclərini üstələyə bilsin.
İstənilən halda kriptovalyuta alışı zamanı vətəndaş gələcəkdə aktivin qiymətinin artmasından aslı olmayaraq kifyaət qədər yüksək olan rüsumu əvvəlcədən ödəmiş olur. Kriptovalyuta birjaları və ya elektron ödəniş sistemlərinə vəsaitin mədaxil edildiyi zamanı Azərbaycanda fəaliyyət göstərən bankların təqdim etdiyi plastik kartlardan 10-18% vergi və xidmət haqqı tutulur. Vətəndaş qazanc əldə etmədən əvvəl bu rüsumu ödəniş olur.
- “Bitkoin” qadağan oluna bilərmi? Kriptovalyutaların ölkəmizdə ödəniş üsulu kimi istifadə edilməsi nələrlə nəticələnə bilər?
- Kriptovalyutaları qadağan etmək indiki halda mümkün deyil. Azərbaycanda yegənə ödəniş vasitəsi manatdır və hesab edirəm ki, yaxın 3-5 il ərzində birbaşa kriptovalyutalarla hər hansı əməliyyat aparmaq mümkün olmayacaq. Kriptovalyutaların istifadəsi üçün ilk növbədə ölkədə sosial, iqtisadi və hüquqi şərait yaranmalıdır. Bunun üçün insanlar maarifləndirilməli və müvafiq qanunvericilik aktları qəbul olunmalıdır. Yalnız bundan sonra real sektorda kriptovalyutalardan ödəniş vasitəsi kimi istifadəsi mümkündür.
Lakin ölkəmizdə ödəniş vasitəsi kimi alternativ metodların olması təbii ki, müsbət faktor olardı. Çünki bu, bir ödəniş mədəniyyəti və yeni texnoloji yenilikdir. Hansı ki, iqtisadiyyatın şəffalaşdılıması üçün yeni mərhələdir. Nə qədər ki, kriptovalyutalara hüquqi qiymət verilməyib və ödəniş metodları texniki baxımdan iqtisadi subyektlər arasında interqrasiya edilməyəcəksə, ümumilikdə ölkəmizdə rəqəmsal valyutalar sektorunun inkişafı sual altında olacaq.
Hesab edirəm ki, rəqəmsal aktivlərin statusunun müəyyənləşdirilməsi üzrə vergi qanunverciliyinin təkmilləşdirməsinin vaxtıdır. Bu istiqamətdə inkişaf etmiş (Yaponiya, İsveçrə, ABŞ, Cənubi Koreya, Malta) və MDB ölkələrinin (Ukrayna, Belarus, Özbəkistan, Qazaxstan) təcrübəsi əsasında milli tənzimləmə modeli hazırlamaq olar. İlkin mərhələdə hətta müəyyən dövr üçün 0% vergi dərəcəsi və ya digər güzəşt tədbirlləri tətbiq etmək mümkündür. Hüquqi statusun müəyyən edilməsi ölkəmizdə maliyyə savadlılığının artırılmasına, məşğulluğun təmin edilməsinə, startap ekosisteminin inkişafına müsbət təsir edəcək və yeni fəaliyyət istiqamətlərinin – kriptovalyuta mayninqi, kripto-birjalar, yerli mübadilə servislərinin yaradılmasını stimullaşdıracaq. Ədalətli və obyektiv vergi mexanizminin tətbiqi ümumilikdə bu sektorun inkişafına şərait yaradacaq, korporativ şirkətləri və adi vətəndaşları kripto-əməliyyatlar üzrə gəlir vergisini ödəməyə motivasiya edəcək.
- Son zamanlar kriptovalyutalara, xüsusən də “Bitkoin”ə marağın azalmasına səbəb nədir?
- “Bitkoin” və digər kriptovalyutalra maraq hər zaman olub və olacaq. Sadəcə zamanla rəqəmsal aktivlərin qiymətlərinin yüksək olması onalara olan marağın da artması ilə müşahidə olunur. Qiymətlər enəndə isə müvəqqəti olaraq onlar ətrafında ajotaj qismən az olur. Kriptovalyuta bazarındakı qiymətlərin enməsinə təsir edən əsas fundamental faktorlar var.
Bunlara misal olaraq, Rusiya-Ukrayna müharibəsi, bank krizisləri, dövlətlər üzrə yüksək inflyasiya göstəriciləri, beynəlxalq maliyyə tənzimləyicilərin mövqeləri, dünyada mövcud olan sosial-iqtisadi vəziyyəti göstərmək olar. Lakin nəzərə almaq lazımdır ki, qiymət nə qədər aşağı olarsa, rəqəmsal aktivlər də bir o qədər investisiya baxımından fərdi istifadəçilər və korporativ şirkətlər üçün cazibədar olur. Odur ki, hər dəfə qiymətlərin enməsi kriptovalyutaları almaq üçün yeni fürsətlər yaradır.
- Azərbaycanda ali məktəblərdə kriptovalyutalarla bağlı tədris nəzərdə tutulubmu?
- Bəli, Azərbaycanda ilk dəfə kriptovalyuta mövzusunda fənn Azərbaycan Dövlət İqtisad Universitetnin (UNEC) tədris planına daxil edilib. “Kriptovalyutalar və kiber risklər” adlı fənni UNEC Biznes Məktəbi, İqtisadiyyat və biznesin idarə edilməsi kafedrası tərəfindən 2021-ci il tədris ilindən MBA proqramı çərçivəsində tədris edilir.
MBA tələbələri elektron pullar, rəqəmsal aktivlər, kriptoqrafiya, blokçeyn texnologiyası, elektron cüzdanlar, kriptovalyutaların xüsusiyyətləri və tətbiqi istiqamətləri, kriptovalyuta mayninqi, smart müqavilələr, DeFi maliyyəsi, informasiya təhlükəzsiliyi və kiber risklər, rəqəmsal aktivlərin beynəlxalq hüquqi tənzimlənməsi bərədə biliklər əldə edirlər.
Tədris üzrə prkatiki təlimlər (workshop) də nəzərdə tutulub, hansı ki, tələbələrə real vaxt rejimində birjalarda alqı-satqı əməliyyatlarının aparılması, optimal ticarət strategiyalarının qurulması, risklərin idarə edilməsi və kriptovalyutaların analitikasının aparılaması qaydaları izah edilir. Bununla da, UNEC milli təhsil sistemində kriptovalyutalar mövzusunda fənn tədris edən ilk universitet oldu.
Elmir Mustafa
Cebhe.info