Fəzail Ağamalı: “Hər uğura böhtan, şər atan Əli Kərimli bu dəfə də...”- MÜSAHİBƏ

Fəzail Ağamalı: “Hər uğura böhtan, şər atan Əli Kərimli bu dəfə də...”- MÜSAHİBƏ

Hazırda Ədliyyə Nazirliyi tərəfindən siyasi partiyaların qeydiyyat prosesi davam edir.

Bir sıra partiyalar artıq qeydiyyata alınıb, bir neçəsi də qeydiyyatın nəticələrini gözləyir. Eyni zamanda, bu proses başa çatdıqdan sonra siyasi idarəetmədə və qanunvericilikdə bir sıra dəyişikliklərin olacağı ilə bağlı da iddialar var. Bütün bunlarla bağlı Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Cümhuriyət”-in suallarını cavablandırıb.

Yeni mərhələyə qədəm qoyulacaq

- Fəzail bəy, partiyanın qeydiyyat prosesi bitdi. Sonrakı mərhələ üçün plan nədir?

-Müasir dövrün çağırışlarına cavab verən və yüksək səviyyədə hazırlanıb cəmiyyətə təqdim olunan “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğun olaraq, digər partiyalar kimi Ana Vətən Partiyası da məsələyə məsuliyyətli və ciddi yanaşmağa çalışdı. Biz birinci mərhələdə sənədləri təqdim edəndən sonra müəyyən iradlar oldu.

Buraxılan səhvlər və nöqsanlar diqqətimizə çatdırıldı, biz də tezliklə bunları aradan qaldırdıq və ikinci dəfə Ədliyyə Nazirliyinə təqdim etdik. İkinci müraciətimizdən qısa zaman sonra, 4 sentyabrda Ədliyyə Nazirliyi araşdırmalara yekun vuraraq partiyanın qeydiyyata alınması ilə bağlı Ana Vətən Partiyasına məktub göndərdi. Bu, bizi çox sevindirdi, eyni zamanda da Ana Vətən Partiyasının üzərində çox böyük məsuliyyət qoydu.

Düşünürəm ki, bütün qeydiyyata alınan partiyalar kimi Ana Vətən Partiyası da öz fəaliyyətində yeni mərhələyə qədəm qoyacaq.

-Partiyalarda yeni qanuna münasibət birmənalı olmadı. Qanunla razılaşmayanların arqumentlərini necə dəyərləndirirsiniz?

-Radikal qüvvələr, xüsusilə də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ən müxtəlif bəhanələrlə özünə haqq qazandırmağa, iqtidarı ittiham etməyə çalışsa da, bunun heç bir əsası yoxdur. Əvvəldən başlayaraq AXCP rəhbəri Əli Kərimli və onun ətrafında olan ayrı-ayrı adamlar, xüsusi olaraq Cəmil Həsənli kimi adamlar bütün sahələrdə olduğu kimi, “Siyasi partiyalar haqqında” Qanunun qəbul edilməsinə də böhtan, şər, ittihamlar irəli sürməyə başladılar.

Onlar bilirdilər ki, çox məhdud ətrafı olan AXCP bu sınaqdan keçə və o qədər də böyük olmayan 5 min üzvü cəmləyib Ədliyyə Nazirliyinə təqdim edə bilməyəcək. Ona görə də bu məntiqdən çıxış edərək ən müxtəlif formada “Siyasi partiyalar haqqında” Qanunun qəbul edilməsinə qarşı çıxırdılar.

Lakin göründüyü kimi, Azərbaycan dövlətinin atdığı hər bir addıma, əldə etdiyi hər bir uğura böhtan, şər atan, ittiham yağdıran AXCP sədri və onun ətrafındakılar bu dəfə də yanlışlığa yol verdilər. “Siyasi partiyalar haqqında” Qanun qəbul edildi və artıq qüvvədədir. Həmin Qanunun tələblərinə uyğun olaraq da partiyalar qeydiyyata alınır. Kimin gücü, imkanı varsa, Ədliyyə Nazirliyi həmin partiyanı da qeydiyyata alır və alacaq.

Kimsə demoqoqluqla, mənasız söz-söhbətlərlə, şərlə, böhtanla məşğul olursa, təbii ki, onlar siyasi proseslərdən hər zaman olduğu kimi yenə də kənarda qalacaqlar. Bu ərəfədə bir sıra partiyalar öz imkanlarını ölçüb-biçərək çox doğru addım atdılar. Özlərinə hörmət edərək fəaliyyətlərini dayandırdılar. Bu, doğru yanaşma idi. Bu partiyaların rəhbərləri də hörmətə layiqdir. Lakin təəssüf ki, AXCP bu cür normal yanaşmadan imtina edərək xaricdən gələn təlimatlara uyğun olaraq davranış ortaya qoymaqdadır.

Siyasi partiyalar vahid mövqedən çıxış etdi

-Qeydiyyat prosesi tam bitdikdən sonra siyasi partiyaların fəaliyyətində canlanma müşahidə edə biləcəyikmi?

-Etiraf etməliyəm ki, siyasi partiyaların canlanması son prezident seçkilərindən sonra geniş vüsət aldı. Bu, özünü bütün mənalarda göstərdi. Xüsusi olaraq Prezidentin aparmış olduğu islahatların içərisində siyasi islahatlar və onun tərkib hissəsi olan siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi, partiyaların siyasi sistemdə yerinin və rolunun artırılması ilə bağlı yeni konfiqurasiyaların yaradılması ilə bağlı atdığı addımlar

Prezident Administirasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması və həmin şöbəyə peşəkar, yüksək səviyyəli şəxslərin cəlb edilməsi Azərbaycanda siyasi partiyaların fəaliyyətinə yeni nəfəs verdi. Şöbənin rəhbəri cənab Ədalət Vəliyevin təşəbbüsü ilə çoxsaylı, hətta pandemiya dövrünün çətinliklərinə baxmayaraq onlayn konfranslar keçirildi. Müxtəlif məsələlər ətrafında dialoq baş tutdu.

Vətən müharibəsi dövründə isə bir-iki radikal partiya istisna olmaqla, digər bütün siyasi partiyalar vahid mövqedən çıxış edərək Ali Baş Komandan və silahlı qüvvələrimizlə bərabər olduqlarını bir neçə bəyanatda ifadə etdilər. Xalqımızın bir hissəsi kimi müharibənin içində yer aldılar.

Etiraf edim ki, partiyaların belə bir vahid mövqe nümyiş etdirməsində Prezident Administirasiyanın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin xüsusi xidmətləri oldu. Ondan sonrakı zamanda da Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi intensiv və sistemli olaraq partiyalarla işini qura bildi.

İndi artıq yeni dövrün tələblərinə cavab verən, 1992-ci ildə qəbul edilmiş qanundan fərqli olaraq indiki məqamda bütün sahələrdə olduğu kimi siyasi sistemdə də bütün yeniliklərə cavab verən qanunun qəbul edilməsi siyasi partiyaların üzərinə əlavə məsuliyyət qoyur.

Biz qeydiyyata alınan partiyalar, bundan sonra da xidmətlərimizi dövlətçiliyimizə, onun müstəqilliyinə, suverənliyinin qorunub saxlanmasına daha intensive, ardıcıl olaraq davam etdirməliyik. Əminəm ki, belə də olacaq.

-“Siyasi partiyalar haqqında” Qanun qəbul olunandan sonra seçki sistemində dəyişikliklərin olacağı da gündəmə gəlib. Referendumun keçiriləcəyi və proporsional seçki sisteminin bərpa olunacağı ilə bağlı müxtəlif fikirlər səslənir. Siz necə düşünürsüz, proporsional seçki sistemi bərpa oluna bilərmi?

-Hər zaman Azərbaycanda qarışıq seçki sisteminin tərəfdarı olmuşam. Proporsional və majoritar seçki sisteminin hər birinin özünəməxsus üstünlükləri var. Proporsional seçki sistemi siyasi partiyaların siyasi sistemdə yerinin və rolunun artırılmasında olduqca mühümdür. Bu seçki sistemi həm də partiyaların real gücünün bir testidir. Proporsional seçki sistemi proseslərdə daha geniş formada, effektiv şəkildə fəaliyyətini qurmaqda partiyalar üçün olduqca əhəmiyyətlidir. Düşünürəm ki, bütün siyasi partiyalar qarışıq seçki sisteminin tərəfdarıdır.

Çünki bu seçki sisteminin tətbiq olunması indiki məqamda onların maraqlarına tam cavab verir. İndiki durumda referandumun keçirilməsi ilə bağlı ən müxtəlif səviyyələrdə, partiyalarda, mediada müzakirələr gedir, təkliflər verilir. Lakin rəsmi olaraq bununla bağlı hər hansı bir informasiya yoxdur.

Gələcəkdə Konstitutsiya dəyişiklikliyi əlbəttə gözlənilir, xüsusi olaraq ölkənin idarəetmə sisteminin təkminlləşdirilməsi, Vətən müharibəsindən sonra daha güclü şəkildə yeni inkişaf mərhələsinə daxil olmasının tələblərindən doğan dəyişikliklərə ehtiyac duyulur. Ola bilsin ki, onların içərisində seçki sistemində dəyişikliklərin olması ilə bağlı təkliflər olsun. Lakin bu haqda mənim dəqiq və səhih məlumatım olmadığı üçün sualınıza ətraflı cavab vermək imkanın yoxdur.

Vilayət Muxtar
Cebhe.info