İranın Yaxın Şərqdə “at oynatmaq" planı - MÜSAHİBƏ

Yaxın Şərqdə İsrailə qarşı gedən müharibənin əsl müəllifi İrandır.
Hətta İran rejimi İsrailə hücumların davam etdirlməsi üçün terror qruplarına dəstəyini davam etdirəcəyini açıq şəkildə bəyan edir.
Ekspertlərin rəyinə görə, müharibənin uzanması İranın özünü hədəfə gətirə bilər.
Hələ sonu görünməyən bu müharibənin səbəbləri və mümkün nəticələri ilə bağlı Cebhe.info-nun suallarını Güney Azərbaycan Milli Oyanış Hərəkatının İdarə Heyətinin üzvü Ağrı Qaradağlı cavablandırıb:
- HƏMAS və “Hizbullah” təşkilatlarının İsrailə qarşı müharibə elan etməsindən sonra bu hücumun arxasında İranın dayandığına dair məlumatlar artmağa başladı. Artıq İran rəsmiləri özləri də bunu gizlətmir və etiraf edir. Əməliyyatların gedişi göstərir ki, İran rejimi bu müharibəyə uzun müddət hazırlıq görüb. Necə hesab edirsiniz, İran nəyə nail olmaq istəyir?
- İran rejimi yalnız bu gün deyil, uzun illərdir HƏMAS, “Hizbullah”, “Həşti-Şəəbi” və digər terror təşkilatlarını silahlandırır və onlara maliyyə dəstəyi verir. İran vətəndaşlarının aclıq, yoxsulluq, işsizlikdən əziyyət çəkməsinə baxmayaraq, teokratik rejim bu cür terror qruplarına hər il milyardlarla dollar vəsait ayırır və Yaxın Şərqi qarışdırmaq üçün onlardan istifadə edir.
Qüds şəhərində hər bir səmavi dinin haqqı var. Qüds əslində, sülh şəhəri olmalıdır və bütün dinlərin də orada nümayəndəsi təmsil olunmalıdır. Beləliklə, Qüds şəhərində insanlar sülh və barışıq şəraitində yaşamalıdır. Biz müharibə tərəfdarı deyilik və dünyada sülhün olmasını istəyirik. Ancaq bu vəziyyəti yaradan İrandır. İranın birbaşa tapşırığı, verdiyi silahlar və hərbi texnikası ilə İsrailə hücum edilib.
Eyni zamanda, musiqi festifalında iştirak edən dinc insanlar qətlə yetirilib. Biz bu məsələdə tərəf nümayiş etdirmirik. Yəni nə İsrailin, nə də Fələstinin yanında deyilik. Həqiqət bundan ibarətdir ki, bu müharibəni başlayan HƏMAS və Fələstin olub.
HƏMAS-ın hücuma keçdiyi birinci gün ölənlərin 90 faizi dinc insanlar olub. Hətta onların arasında Almaniya, ABŞ və başqa ölkələrin vətəndaşları var. Hesab edirəm ki, İsrail-Fələstin məsələsində İranın məqsədlərindən biri Türkiyəni hədəfə almaqdır. Çünki Türkiyənin İsraillə yaxınlaşmasını pozmaq üçün İran belə bir oyun qura bilər.
Ona görə də İran bu vəziyyəti yaratmaqla Türkiyənin tərəfini bəlli etməsini istədir. Hətta Türkiyə əhalisinin əksəriyyəti və bəzi dövlət rəsmiləri açıq şəkildə Fələstinin tərəfini tutur. Yəni bu, İran tərəfindən qurulmuş ssenaridir. İkinci məqam ondan ibarətdir ki, İran Zəngəzur dəhlizi və Qarabağ məsələsinin həllindən kənarda qaldı. İran hakimiyyəti hələ də Qarabağı Azərbaycanın ərazisi kimi tanımaq istəmir.
İran Qarabağ məsələsində pay ala bilmədiyinə görə bölgəni qarışdırmaq istəyir. İranın təxribatı nəticəsində yalnız Fələstin və Livan deyil, təsir göstərə bildiyi Qətər, Suriya kimi ölkələr də bu münaqişəyə qoşula bilər. Yəni bu prosesi İranla İsrailin müharibəsi kimi qiymətləndirmək lazımdır.
- Həm İsrail, həm də ABŞ-ın hakimiyyət dairələrindən İrana qarşı hərbi əməliyyatların keçirilməsinə çağırışlar edilir. Müharibənin başa çatması üçün əsas zərbələrin İrana endirilməli olduğu təklif edilir. Sizcə, İrana hərbi obyektlərinə zərbələr endiriləcəkmi?
- Mən İsrailin təklikdə İranla müharibəyə başlayacağını düşünmürəm. Şübhəsiz ki, bu müharibənin əsas döyüşən tərəf İrandır. Sadəcə, İran ortada görünmür. Amma müharibə ciddi şəkildə böyüyərsə, o zaman tərəflər müəyyənləşməlidir. O halda Yaxın Şərq tamamilə qarışa bilər. ABŞ, Türkiyə kimi böyük dövlətlərin vasitəçiliyi ilə sabitliyin təmin olunması daha yaxşı olar.
Əks təqdirdə, vəziyyət çox gərginləşəcək. Əslində, bu hadisələr çoxdan gözlənilirdi. Çünki İran bu müharibəyə xeyli müddət hazırlaşıb və terror qrupları yetişdirib. Bunun səbəblərindən biri də İranın daxilindəki İsrail kəşfiyyatının ifşa olunması idi. Hətta İsrail casusu olan bir xanımın İranın hakim dairələrinə qədər gedib çıxması rəsmi Tehranın intiqam hissini gücləndirmişdi.
Nəticədə, İran illərdir maliyyələşdirdiyi İrandan HƏMAS-a intiqam almağı tapşırdı. Amma bu savaş başa çatarsa, Yaxın Şərqdə sabitlik yaranacaq. Əgər müharibə uzanarsa, dünya müharibəsinə qədər gedib çıxa bilər.
- Ən azı, İranın Yaxın Şərqdəki hərbi bazalarının və ona bağlı terrorçu qrupların məhv edilməsi istiqamətində hər hansı addım atılacaqmı?
- O barədə təbii ki, böyük dövlətlər qərar verməlidir. Hesab edirəm ki, terror qruplarının hamısı məhv edilməlidir. Əks təqdirdə, İran Yaxın Şərqdə at oynadacaq. Son günlər baş verənlər İsrailin İrana qarşı hərbi əməliyyatlar keçirə biləcəyi ehtimalını heçə endirdi.
İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı qüvvələr şadyanalıq edirdilər. Ona görə də “Hizbullah”, HƏMAS, “Həşti-Şəəbi” terror qrupları ilə bağlı beynəlxalq səviyyədə, hətta BMT tərəfindən qərar çıxarılmalı, onlar ləğv edilməlidir.
- Son bir ildə İranda baş verən xalq etirazları və eyni zamanda, hakimiyyət daxilində fikir ayrılığının artması ölkə daxilində rejimin siyasi mövqeyini xeyli zəiflədib. İsrailə qarşı müharibənin başlanmasından sonra rəsmi Tehran İran cəmiyyətini xaricdəki düşmənə qarşı öz ətrafında birləşdirmək üçün təbliğat aparır. Yəni İran rejimi ictimai rəydə siyasi-ideoloji dayaqlarını möhkəmlətməyə çalışır. Hakimiyyət buna nə qədər nail ola bilib?
- Fikrimcə, İran bu yöndə hər hansı nailiyyət əldə etməyəcək. Əlbəttə, İran rejimi çökdüyünü görərək xaricdə düşmən obrazı yaratmağa çalışdı. Bu məqsədlə əsas düşəm kimi yenə də İsrail seçildi. Çünki İsrail həm coğrafi baxımdan yaxındır, həm də Fələstin məsələsindən istifadə etdi.
Məqsəd İran rejimi insanların başını qatmaq istəyir. Amma bu İran-İraq müharibəsinə bənzəməz. İran-İraq müharibəsi dövründə vəziyyət tam fərqli idi. O dövrdə 14-15 yaşlı şagirdlər dərslərini buraxıb müharibəyə getdilər.
Lakin indi İran hakimiyyəti o insanları tapa bilməz. Hətta universitet tələbələri də müharibəyə getməyəcək. Təbii ki, zərurət yaranarsa, tələbələri məcburi müharibəyə aparacaqlar. Əgər belə bir addım atılsa, bunun mənfi nəticələri daha çox olacaq. Sadəcə olaraq, müharibəyə gedə biləcək insanlar SEPAH-ın daxilində “Könüllülər qrupu” adlanan insanlar və “Bəsici”lərdir.
Məndə olan məlumata görə, 25-45 yaşda olan müəllimlərin müharibəyə aparılması üçün onların məcburi təlimlərə cəlb edilməsi üçün sərəncam verilib. Ola bilsin ki, genişmiqyaslı müharibə olarsa, dövlət məmurlarını məcburi döyüşə aparsınlar. Ancaq İran-İraq savaşında olduğu kimi heç kim müharibəyə getməyəcək.
Müşfiq Abdulla
Cebhe.info