Jurnalistləri axmaq adlandıran De Byaziyə cavab: ““Payı verilməli”, istefaya göndərilməlidir” – MÜSAHİBƏ

Jurnalistləri axmaq adlandıran De Byaziyə cavab: ““Payı verilməli”, istefaya göndərilməlidir” – MÜSAHİBƏ

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səsləndirdiyi fikirlərə görə növbəti dəfə tənqidlərə məruz qalıb.

Belə ki, AVRO-2024-ün seçmə mərhələsində millimizin Belçikaya 5:0 hesabı ilə məğlub olduğu matçın mətbuat konfransında qalmaqal yaşanıb.

De Byazi azərbaycanlı jurnalistlərin ünvanına skandal ifadələr səsləndirib:

“Mən belə axmaq jurnalistlərə rast gəlməmişəm. Bu barədə heç nə bilmirlər, axmaq suallar verirlər və sadəcə axmaqdırlar. Bizim Bakıda Avstriya, İsveç və Belçika ilə oyunumuzu unudurlar. Onlar FIAT 500 ilə Ferrari komandasına qalib gələ bilməyəcəyinizi görməyə qadir deyillər”. 

Qeyd edək ki, italyan mütəxəssisin bu sözləri sərt təpkilərə səbəb olub. Tənqidlərin ardından Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baç katibi Sərxan Hacıyev italiyalı mütəxəssisin işlətdiyi ifadələrə görə jurnalistlərdən üzr istəyib.

Mövzu ilə bağlı “Sportinfo TV” və “CBC Sport” telekanalının aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov Cebhe.info-ya müsahibə verib.

- Elçin bəy, De Byazinin idman jurnalistlərini “axmaq” adlandırmasına qarşı hansı addım atılmalıdır?

- De Byazinin milli komandamızın baş məşqçisi təyin edildiyi gündən indiyə kimi Azərbaycan mediasının təmsilçiləri ilə “ulduzu barışmayıb”. 

O, haqlı tənqidi qəbul etmək istəmir. Təbii ki, tənqidin cızığından çıxıb təhqirə keçənlər də olur. Amma De Byazi tənqidə dözümlü biri deyil. Əslində De Byazi bu açıqlama ilə necə zəif xarakterə malik olduğunu növbəti dəfə göstərdi. O, ötən ilin sonunda da belə açıqlamalar verirdi. Yekunda müqaviləsi uzadıldı və böyük səhvə yol verildi.

Nəticələr də göz qabağındadır. Biz həmin dönəmdə də AFFA rəhbərliyinə çağırış etdik ki, De Byazinin postunda qalması yolverilməzdir. Çox təəssüflər olsun ki, öz fikirlərimizdə haqlı çıxdıq. 

- Maraqlıdır ki, De Byazi deyil, AFFA üzr istəyir…

- AFFA rəhbərliyi ona görə üzr istəyib. Əgər AFFA De Byazini vəzifəsində saxlasa, azərbaycanlı jurnalistlərinə qarşı hörmətsizlik artıq federasiyanın üzərinə keçəcək. Yəni o yük De Byazinin deyil, AFFA rəhbərliyinin üzərində qalacaq. 

- Onun skandal ifadələri ilə bağlı Mətbuat Şurasına və ya AFFA-nın İntizam Komitəsinə müraciət edəcəksiniz?

- Mən buna görə Mətbuat Şurasına və ya AFFA-nın İntizam Komitəsinə müraciət etməyəcəyəm. Amma jurnalistlər birlikləri müraciət ünvanlaya bilərlər. Məsələn, Türkiyənin sabiq baş məşqçisi Stefan Kuntz 1-2 mətbuat konfransında mediaya qarşı sərt fikirlər səsləndirməsi nəticəsində Türkiyə Futbol Federasiyası (TFF) təzyiqlərə tab gətirə bilmədi və onunla yollar ayrıldı.

Yəni media yumruq kimi birləşdi və Kuntzu 1 həftə içində göndərdilər. Faktiki olaraq, jurnalistlər tərəfindən necə düzgün tənqidlər səsləndirildiyinin növbəti dəfə şahidi olduq.

- Yəni bənzər proses bizdə də baş verə bilər? 

- Bəli, indi də eyni vəziyyət bizdə yaşanır. Azərbaycanlı idman jurnalistləri də birlik olaraq De Byazinin cavabını verməlidirlər. Hər bir jurnalist öz çalışdığı media orqanında italiyalı baş məşqçinin “payını verməlidirlər”.

Artıq bir çoxları bu addımı atmağa başlayıb. Artıq “top” AFFA rəhbərliyindədir. Ümumiyyətlə, AFFA-nın üzr istəməsi ilə heç nə düzələn deyil. Əgər üzr istəyirlərsə, De Byazini istefaya göndərməlidirlər.

- Ümumiyyətlə, Belçika – Azərbaycan matçını necə dəyərləndirirsiniz?

- 3 gün öncə Bakıda İsveçə qarşı mübarizə aparan, ürəklərini ortaya qoyan milli komandamıza nə oldu? Əlbətti ki, Belçika kimi çətin səfərdə həmin ağırlığa tab gətirmək olmazdı. Mən ona nə üçün sistemi dəyişdiyi sualını ünvanlayıram. Nə üçün yenidən qrup mərhələsinin əvvəllindəki oyunlar kimi oynanıldı?

Axı gördünüz ki, bizdə o şəkildə oynamaq alınmır. Ən azından Azərbaycan millisinin futbolçuları ilə daha yaxşı mübarizə aparmaq olardı. Bunu İsveç matçında da gördük. 

Elmir Mustafa
Cebhe.info