Bakıda evlənməkdən əli üzülənlərin getdiyi məkan: Kataloqdan ər və ya arvad seçirlər - MÜSAHİBƏ

Bakıda evlənməkdən əli üzülənlərin getdiyi məkan: Kataloqdan ər və ya arvad seçirlər - MÜSAHİBƏ

Azərbaycanda evlilik, ailə müqəddəs hesab edilir.

Yaxınları və ailə üzvləri tərəfindən müəyyən yaşdan sonra evliliyə təhrik edilənlər gələcəklərini birgə keçirmək üçün özlərinə həyat yoldaşı axtarmaq məcburiyyətində qalırlar. Tələbəlik illərində, iş həyatında münasibəti olmayan və ya alınmayan, ikinci baharını yaşamaq istəyənlər üçün tanışlıq agentlikləri, evlilik büroları fəaliyyət göstərir. Televizya proqramlarında özünə yar axtaranlar bunu paytaxtda fəaliyyətlərini davam etdirən tanışlıq agentliklərində də edə bilirlər. Lakin həmin agentliklərin fəaliyyətinə münasibət birmənalı deyil.

Araşdırma zamanı Bakıda “Orxideya” nikah agentliyinin olduğunu öyrəndik.

Cebhe.info “Orxideya” Nikah Agentliyinin icraçı direktoru Leyla Ağayeva ilə agentliyin iş prinsipi, xidmət haqqı və digər məsələlərlə bağlı söhbətini təqdim edir.

- Fəaliyyətiniz nə vaxtdan başlayıb?

- Biz 15 ildən çoxdur fəaliyyət göstəririk. Dəqiq tarixi yadımda deyil.

- Sizə müraciət edənlər arasında qadınlar və ya kişilər üstünlük edir?

- Demək olar ki, eyni saydadırlar. Həm kişilər, həm də qadınlar, qızlar, oğlanlar müraciət edirlər. Cavan qız və oğlanların isə anaları, xala, bibiləri gəlirlər.

- Bəs bundan gənclərin xəbəri olduğunu necə bilirsiniz?

- Əgər oğlanın anası müraciət edibsə, biz onunla başqa cür danışırıq. Misal üçün deyirik ki, ananın rəfiqəsiyəm, tanış qız var və s. Yəni oğlan inciməsin ki, anası niyə onun üçün müraciət edib.

- Bu cür tanışlıqla uğurlu evliliklər olur?

- Əlbəttə. Bizə boşanmış, uşaqlı və ya uşaqsız insanlar müraciət edirlər. 70 yaşınadək adamlar gəlir. Yaşlı adamlar özlərinə qulaq yoldaşı istəyirlər. Yoldaşı vəfat edən yaşlılar artıq sevgi - məhəbbət yox, tək qalmaq istəmədikləri üçün müraciət edirlər. Heç kim tək qalmaq istəmir. Biz adama uyğun birini tapırıq, tanış edirik, əgər xarakterləri uyğun olursa, evlənirlər. İstəyir oğlanın evində, istərsə qızın, istərsə də kirayə yaşayırlar.

- Müraciət edən qız və oğlanların tələbləri nə olur?

- Qızlar daha çox pulu, evi, işi, maşını olan birini istəyirlər. Oğlanlarsa əksinə, deyirlər ki, mənim pulum, maşınım olduğunu deməyin. Qoy, məni pula görə seçməsinlər. Mehriban, incə, səmimi olsun.

- Xidmət haqqı nə qədərdir?

- Qiymətlər fərqli olur. Çünki baxırsan biri imkanlıdır, bir təqaüdçüdür, onun üçün təmənnasız edirik. Sadəcə, təşəkkür edirlər. Özləri nə qədərsə xidmət haqqı verirlər.

- Agentlik rəsmi şəkildə fəaliyyət göstərir?

- Əlbəttə.

- İl ərzində təxminən neçə evlilik olur?

- Çox olmur. Çünki mənim yanıma hər yerdə axtarandan sonra gəlirlər. Gələnlərin çətin xasiyyəti olur, tələbləri də sərt olur. İşimiz çətindir. Amma buna baxmayaraq insanların ümidi bizdədir. Ayda, ay yarımda bir toy olur. Adamlar əgər evlilik istəyir, evliliyə hazırdılarsa, bu baş tutur. Elə qızlar var sevgi, məhəbbət axtarırlar, sevgi, məhəbbət tanrı versəydi, birinə vurulardı. Mən öz işimi sevirəm, amma bəzən də evi, pulu olan biri ilə tanış edirsən, görüşürlər, sonra deyirlər ki, ürəyim istəmədi. Yaxud oğlanlar müraciət edəndə deyirlər ki, boşanmış olsun, amma uşağı olmasın. Bir də görürsən ki, uşaqlı birinə vurulur. Nə qədər tələb qoysalar da, sevgi birinci yerdə durur.

- Sizi necə tapırlar?

- Bizi əsasən, internet – feysbuk, instaqram vasitəsilə və ya tanışlıqla tapırlar. Əslində, son vaxtlar o qədər də aktiv olmaq istəmirəm. Amma görürəm ki, yenə də müraciətlər var, ona görə də işimi saxlaya bilmirəm.

- Namizədlərdən hansı məlumatları alırsınız?

- Bizdə kataloq var. Müraciət edən insanlardan nə işlə məşğul olduqları, yaşı, ev-eşiyi, evli və ya subay olduğunu öyrənirik. Demək olar ki, bizə heç kim yalan demir. Bu gün bir xanım həm oğlu, həm də qızı üçün zəng vurub, namizəd axtardığını dedi. Sabah gəlib kataloqa baxacaq və seçəcək.

Günay Şahmar
Cebhe.info