Qüdrət Həsənquliyevin partiyasında seçki ilə bağlı iki fikir var - MÜSAHİBƏ

Qüdrət Həsənquliyevin partiyasında seçki ilə bağlı iki fikir var - MÜSAHİBƏ

“Qüdrət Həsənquliyev növbəti dəfə deputatlığa namizədliyini irəli sürəcək”.

Bu sözləri Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədr müavini Niyaməddin Orduxanlı “Cümhuriyət”-ə müsahibəsində deyib.

Sözügedən müsahibəni təqdim edirik:

- Niyaməddin bəy, Qüdrət Həsənquliyev yenidən deputatlığa namizəd olacaq?

- Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev növbəti parlament seçkilərində də iştirak edəcək. Amma onun hansı dairədən namizəd olacağı  parlament seçkiləri elan olunduqdan sonra partiyanın ali orqanında veriləcək qərardan asılıdır. 

- Partiyanız neçə nəfərin namizədliyini irəli sürəcək?

- Biz hər zaman maksimum namizədlə parlament seçkilərində iştirak etməyə çalışırıq. Mən də namizədliyimi irəli sürəcəyəm. Həmçinin, partiyamızın digər üzvləri də namizəd olacaqlar. Ümumiyyətlə, biz partiya olaraq indiyə qədər keçirilən bütün seçkilərdə iştirak etmişik. Amma kimin hansı dairədən namizəd olacağı eyni qaydada partiyanın ali orqanında veriləcək qərardan sonra bəlli olacaq. 

Qanunvericiliyə əsasən, pulsuz efir vaxtı əldə etmək üçün ən azı 60 dairədən namizəd irəli sürmək lazımdır. Hazırda isə partiyamızın İdarə Heyətində bununla bağlı iki fikir var. Partiya rəhbərliyində olan insanların bəziləri düşünürlər ki, 60 dairədən istifadə edərək pulsuz efir vaxtı götürməliyik. Digərləri isə ən azı 30 dairədən namizəd irəli sürməyimizin doğru olacağını düşünürlər. Amma yekdil qərar parlament seçkilərinin vaxtı elan olunduqdan sonra bəlli olacaq. 

- Ümumiyyətlə, partiyanızın əsas hədəfi nədir?

- Düşünürük ki, partiya olaraq bu dəfə daha çox yer qazanmalıyıq. Növbəti seçki ilə bağlı da ən böyük hədəfimiz budur. Çünki indiyə qədər parlamentdə bir nəfərlə təmsil olunmuşuq. Çox təəssüf ki, bu gün bir çox ölkələrlə müqayisədə Azərbaycan nadir ölkələrdəndir ki, parlamentində fraksiya yoxdur. Biz düşünürük ki, parlamentdəki fraksiya yaratmaq üçün tələb olunan deputat sayı 25-dən 10-a düşürülməlidir. Seçki elan olunduqdan sonra bir sıra partiyalarla blok şəklində iştirak etmək və parlamentdə fraksiya kimi təmsil olunmaq istəyirik. Hədəfimiz parlamentdə ən azı 10 nəfərlə təmsil olunmaqdır.

- Bələdiyyə seçkiləri ilə bağlı da çalışmalara başlamısınız?

- Bələdiyyə seçkiləri kütləvi seçkilərdir. İndiyə qədər bütün bələdiyyə seçkilərində iştirak etmişik. Partiya rəhbərliyində təmsil olunan şəxslərdən, İdarə Heyəti üzvlərindən seçilənlər var. Yəni bələdiyyə seçkilərində kütləvi şəkildə iştirak etmək təcrübəmiz var. Dekabrda keçiriləcək növbəti bələdiyyə seçkilərində də bir çox namizədlə iştirak edəcəyik. Bununla bağlı hazırlıqlara başlamışıq.

Elmir Mustafa
"Cebhe.info"