Azərbaycan Ukraynaya silah göndərib?- Rusiyadan açıq cavab 

Azərbaycan Ukraynaya silah göndərib?- Rusiyadan açıq cavab 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın üçüncü ölkə vasitəsilə “taxıl dəhlizi” çərçivəsində Ukraynaya 130-dan çox artilleriya qurğusu tədarük etməsi ilə bağlı yayılan məlumatlara  münasibət bildirib.

“Cebhe.info” xəbər verir ki, M.Zaxarova bu barədə martın 27-də keçirdiyi brifinqdə danışıb.

Onun sözlərinə görə, bu cür bütün məlumatlar Rusiyanın müvafiq idarələri tərəfindən diqqətlə yoxlanılır.

“Diqqəti cəlb etmək istərdim ki, Kiyevə potensial silah tədarükü ilə bağlı bütün məlumatlar Rusiyanın müvafiq departamentləri tərəfindən diqqətlə yoxlanılır və bizim tərəfimizdən sözügedən ölkələrlə müzakirə olunur. Yəqin ki, siz bunu bir dəfədən çox görmüsünüz, biz bunu bir sıra ölkələrlə kitərəfli şəkildə müzakirə etdik. Bu mövqeyi pərdəarxası və ya diplomatik kanallar vasitəsilə tərəfdaşlara çatdırmaq mümkün olmadıqda, onlar ictimaiyyətin diqqətinə çatdırılır”, - deyə Rusiya XİN-in rəsmisi qeyd edib.

Onun sözlərinə görə, bu, Rusiya üçün əsas mövzudur:

“Bu, bizim üçün fundamental mövzudur. Biz ölkələri onların hərəkətlərinin Rusiya vətəndaşları üçün təhlükə olub-olmaması, mülki infrastruktura və ölkəmizin vətəndaşlarına zərər dəyib-dəyməməsinə görə dəyərləndiririk. Ona görə də hər şey bütün ölkələrlə diqqətlə müzakirə olunur”.

Eyni zamanda o, Azərbaycan tərəfinin sözügedən məlumatı rəsmən təkzib etməsinə diqqət çəkib. Bildirib ki, Rusiya bu məsələ ilə bağlı Azərbaycan tərəfi və digər ölkələrlə sıx əlaqədədir:

“Əsas odur ki, bu, Ermənistanla bağlı olmasın. Bu, sadəcə vəhşilik olardı”.

Xəzər
“Cebhe.info”