Azərbaycanın yol xəritəsi: "İnsan kapitalının inkişafına təsir edəcək"

Azərbaycanın yol xəritəsi: "İnsan kapitalının inkişafına təsir edəcək"

Azərbaycanda su ehtiyatlarının azalmasının və quraqlığın geniş vüsət alınmasının qarşısının alınması istiqamətində mühüm tədbirlər görülür. 

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 16-da yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxışı zamanı ölkədaxili su ehtiyatlarının çoxalmasının zəruriliyinə toxunub. 

Dövlət başçısı bildirib ki, qlobal dünyada iqlim dəyişikliyi bir çox ciddi problemlər yaradıb:

“İqlim dəyişikliyi ilə bağlı dünyada böyük narahatlıq var, o cümlədən Azərbaycanda. Bu il kifayət qədər qar, yağış yağıb və bizim su hövzələrimizdə, su anbarlarında kifayət qədər su var. Ancaq əvvəlki illərdə biz hər il quraqlıqla üzləşirdik. Dağlara daha az qar yağırdı. Çaylarımızda suyun səviyyəsi əvvəlki illərdə aşağı düşürdü, bəzi hallarda əsas çaylarımız quruyurdu. Xəzər dənizinin dayazlaşması göz önündədir. Belə olan halda su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir". 

Prezident İlham Əliyevin çıxışından görünür ki, artıq Azərbaycanda ətraf mühitin qorunmasına çox böyük diqqət göstərilir. 

Məsələ ilə bağlı politoloq Aydın Quliyev “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, Azərbaycanda ekoloji problemlərin həll olunması istiqamətdə zəruri işlər görülməkdədir: 

“İqlim dəyişikliyinin fəsadları bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da özünü göstərir. Təəssüf ki, dövlətlərin heç də hamısı iqlim dəyişikliyinin fəsadlarına və ətraf mühitdə mövcud olan problemlərin aradan qaldırılmasına yönələn həll yollarına eyni reaksiya sərgiləmir. 

Açıq şəkildə vurğulamaq lazımdır ki,  Prezident İlham Əliyevin bu məsələyə reaksiyası həssasdır. Dövlət rəhbərimiz həqiqətən iqlim dəyişikliyi nəticəsində baş verəcək hadisələri əvvəlcədən proqnozlaşdıra bilir. Azərbaycanın ekologiya siyasətində alternativ enerji mənbələrinə keçid və yaşıllıqların qorunması strategiyası xüsusi önəm daşıyır. Azərbaycan daim bu siyasətinə sadiq qalacaq. 

Artıq işğaldan azad olunan ərazilərdə alternativ enerji mənbələrinin qurulması və istifadəyə verilməsi istiqamətində mühüm və lazımi tədbirlər görülməkdədir”. 

Aydın Quliyev Azərbaycanın iqlim dəyişikliyinin fəsadlarına reaksiyasını iki cəhətdən izah edib:

“Birincisi, rəsmi Bakı beynəlxalq ictimaiyyətə nümunə olaraq göstərir ki, Azərbaycan neft-qaz ehtiyatlarına malik olsa da, qlobal ətraf mühitin və atmosferin qorunması naminə alternativ enerji mənbələrinin yaradılmasına çox böyük əhəmiyyət verir. İkincisi, Azərbaycanın işğaldan azad olunan ərazilərində alternativ enerji mənbələrinin istifadəsinə yönələn infrastruktur qurulur”. 

Aydın Quliyev əlavə edib ki, Azərbaycanın ekologiya siyasətində su və torpaq ehtiyatlarının qorunması əsas yer tutur:

“Otuz illik erməni işğalı nəticəsində su və torpaq ehtiyatlarına çox böyük ziyan dəyib. Dövlət başçımız İlham Əliyevin su ehtiyatlarının qorunması və səmərəli istifadə olunması ilə bağlı mövqeyi onu göstərir ki, Azərbaycan bu sahəyə diqqət ayırır və bu sahədə problemləri həll etmək niyyətindədir. Prezidentimiz Azərbaycanın su ehtiyatlarının xarakterik xüsusiyyətlərini digər ölkələrin su ehtiyatlarının xüsusiyyətlərindən fərqləndirə bilər. 

Bildiyimiz kimi, Azərbaycanın su ehtiyatlarının böyük bir hissəsi daxili mənbələrə söykənir, yəni dağlarımızdan və çaylarımızdan gələn sudur. Çox böyük müsbət haldır ki, Azərbaycan müasir dövr üçün su ehtiyatlarının qorunması və çoxalması ilə bağlı ən tutarlı və dəqiq strateji yol xəritəsi hazırlayıb. İndiki zamanda həmin yol xəritəsinin işə salınmasına ciddi ehtiyac var. Strateji yol xəritəsində su ehtiyatlarının qənaətli və səmərəli istifadəsi insan kapitalının inkişafına çox müsbət təsir göstərəcək”. 

Yunis Abdullayev 
“Cebhe.info”