AzVP-nin baxışı: COP29 və multikulturalizmin Azərbaycan nümunəsi

AzVP-nin baxışı: COP29 və multikulturalizmin Azərbaycan nümunəsi

Azərbaycan Prezidenti İlham Əliyev hazırda Bakıda keçirilən COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib:

“Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır, eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynayır. Multikulturalizm dövlət siyasətimiz və həyat tərzimizdir. Azərbaycan xalqı etnik, dini mənsubiyyətindən asılı olmayaraq, digər millətlərlə hər zaman ahəngdar şəkildə, bir ailədəki kimi yaşayır”.

İndiki dövrdə ictimai-siyasi münasibətlərin balanslı inkişafı cəmiyyətin ən mühüm problemlərindən biridir. Bu səbəbdən Azərbaycan hökuməti müxtəlif dini və mədəni mənsubiyyətlərin qarşılıqlı dialoquna və sülhə böyük önəm verir. 

Amma bizim cəmiyyətdə tarixən təbii surətdə formalaşaraq bərqərar olmuş çoxtərəfliliyin tamlıq düsturu kimi nadir xüsusiyyət var: multikultural və multikonfessial kompleks dəyərlər.

Məsələ burasındadır ki, indi dünyanın bu dəyərlər kompleksinə olan ehtiyacı heç vaxt olmadığı qədər aktualdır. Buna görə də indiyədək Bakıda uğurla keçirilmiş BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Bakı Qlobal Forumu, Bakı Beynəlxalq Forumu kimi nəhəng tədbirlər yüksək tolerantlıq göstəricilərinə malik Azərbaycanın mədəniyyətlərarası dialoq məsələlərində dünyada nümunəvi ölkə olduğunu göstərib. Bu məqsədlə yaradılmış Nizami Gəncəvi adına Beynəlxalq Mərkəz səmərəli fəaliyyət göstərir. 

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır. 

Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. 

Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, tarixi sənədlərdə və mədəni irsdə yaşayır. 

Multikulturalizm bir ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yardım edən nadir xüsusiyyətdir. 

Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsasında qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı durur. 

İstər Səfəvilər, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupları özündə birləşdirən bu siyasi davranış XX əsrin sonlarında Ümummilli lider Heydər Əliyev tərəfindən dövlətçilik ideyasına çevrilib, tolerantlıq və multikulturalizm ənənələri yeni inkişaf dövrünə qədəm qoyub. 

Azərbaycan multikulturalizminin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapıb. 

Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. 

Ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycanın coğrafi baxımdan qərarlaşdığı məkanın Şərqlə Qərbin qovşağında yerləşməsidir. 

Azərbaycan bu gün iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla, Şərq və Qərb yarımkürələrində öz nüfuzunu gücləndirməkdədir. Bu ideya dövlətin xarici siyasət kursunda da kifayət qədər özünü əks etdirir. 

COP29 kimi dövrümüzün ən böyük və nüfuzlu tədbirinin Bakıda keçirilməsinin bir səbəbi də dövlətimizin çoxtərəflilik prinsipinə sadiqliyinin nümunəsidir. Bu möhtəşəm tədbirin hər bir sammitində bəşəriyyəti gözləyən təhlükələrin dəf edilməsi, ədalətin qorunması, haqsızlığa, qeyri-bərabərsizliyə qarşı mübarizə aparılması üçün çağırışlar edilir, təbiətə dağıdıcı yox, yaradıcı münasibətdən danışılır.

Etnik mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verən, xalqların mədəni sərvətlərinin qorunmasına və inkişafına əsaslanan Azərbaycan cəmiyyəti nümunə olaraq Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu bir məkanda İslam və Avropa sivilizasiyalarının dəyərlərini özündə birləşdirir. 

Mədəniyyətlərarası, dinlərarası dialoq və multikulturalizm Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılıb. Bu gün dünyada təbiiliyin rəmzi sayılan yaşıl rəng ictimai-siyasi proseslərin mahiyyətində üstünlük təşkil edir.

Təbiətə və ictimai-siyasi məsələlərə ziyan gətirməyən texnologiyalar və münasibətlərin Bakıda müzakirəsi böyük tarixi hadisədir və Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunu artıran vacib amildir.

Azad Vətən Partiyasının (AzVP) İnformasiya və Təhlil Mərkəzi

"Cebheinfo.az"