Əfv Komissiyası kimlərin müraciətinə baxıb? - “Sərəncam veriləndə görəcəyik ki...”

Əfv Komissiyası kimlərin müraciətinə baxıb? - “Sərəncam veriləndə görəcəyik ki...”

Qarşıdakı bayram günlərində növbəti əfv sərəncamının imzalanacağı gözlənilir. 

Əfv Məsələləri Komissiyasının artıq bir neçə iclası keçirilib. 

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev "Cebhe.info"-ya bildirib ki, aprel ayının 3-dən komissiya öz iclaslarına başlayıb, indiyədək 4 iclas keçirilib:

“Bu dövrdə 500-dək müraciətə baxılıb və rəylərin hazırlanması barədə qərar qəbul edilib. İclaslarımız davam edir və növbəti iclasımız mayın 15-də olacaq. Bütün müraciətlər hərtərəfli, tam, obyektiv araşdırılır.

Əfv Komisiyasında çox yaxşı bir platforma olaraq işgüzar müzakirə mühiti var. İstənilən müraciətlə bağlı sənədlər diqqətlə öyrənilir, araşdırılır və müvafiq rəylərin hazırlanması barədə qərarlar qəbil edilir. Müxtəlif kateqoriyadan olan, cinayət etmiş şəxslər ya özləri, ya nümayəndələri, ya da vəkilləri Əfv Komissiyasına müraciət ediblər. Yaxud onlar barəsində Ombudsmanın, QHT-lərin, millət vəkillərinin vəsatətləri var ki, bütün bunlar diqqətlə araşadırılır. Yenə də cənab Prezident tərəfindən növbəti əfv sərəncamı imzalanması ərəfəsindəyik. Bu sərəncamın nə vaxt imzalanması Prezidentin müstəsna konstitutsion səlahiyyətidir. Yenə də ölkə başçısı mərhəmət, humanizm prinsiplərinə söykənərək, çoxsaylı məhkum ailələrini sevindirəcəyinin şahidi olacağımızı güman edirəm. Əsas odur ki, əfv məhkumlara hər zaman növbəti şans verir. 

Sadəcə olaraq, azadlığa çıxmış məhkumlar yaxşı əməllər, işlər görmək üçün çalışsaydılar, daha yaxşı olardı”. 

Ə.Nuriyev maraqlı bir məqamı da qeyd edib:

“Əfv sərəncamlarının xronologiyasına baxsaq görərik ki, həmin sərəncamların hesabına azadlığa çıxmış şəxslərin ən çox 1 faizə qədəri yenidən cinayət edir. Bu, o deməkdir ki, əfv sərəncamı hər zaman dəqiq meyarlara söykənərək rəylər hazırlayaraq Prezidentə təqdim edir və nəticədə azadlığa çıxmış şəxslər bunu yüksək dəyərləndirirlər. 

Prezidentin mərhəmətini çox yüksək qiymətləndirir və doğru-düzgün həyata başlamağı zəruri hesab edirlər”. 

Kimin müraciət etməsinə gəldikdə, komissiya üzvünün sözlərinə görə, konkret ad çəkmək şəxsi məlumatların yayılması və qanunvericiliyin pozulması olardı:

“Eyni zamanda, müzakirənin konfidensiallıq ruhuna zidd olardı. Çünki bunlar hamısı şəxsi məlumatlardır. Müraciət edən şəxslərin özlərinin məlumat vermək hüququ var, nəinki komissiya üzvlərinin. Çünki komissiya üzvləri əfv etmək məsələsini son olaraq həll etmirlər. Komissiya üzvləri əfvlə bağlı təşkilati-texniki dəstəyi həyata keçirirlər. 

Son qərar qəbul etmək hüququ Prezidentə məxsusdur. Biz deyə bilmərik ki, kim müraciət edib. Bunu yalnız həmin şəxslərin özləri deyə bilər əfv sərəncamı imzalandıqdan sonra biz şahidi olacağıq ki, kimlər əfv olunub. Ümumilikdə  Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olmuş şəxslər müraciət ediblər”. 

Nigar Abdullayeva 
“Cebhe.info”