Ermənistan geri çəkildi: Sülh sazişi İspaniyada...

Ermənistan geri çəkildi: Sülh sazişi İspaniyada...

Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində tez bir zamanda Azərbaycanla sülh müqaviləsinin imzalanacağını istisna etməyib:

“Biz çox yaxınıq və sülh müqaviləsi imzalamaq üçün tarixi imkanımız var”.

“Biz həqiqətən də bu tarixi fürsətdən yararlanmaq üçün Qranadada irəliləyişə nail olmaq istərdik. Əbədi müharibənin heç kimə faydası yoxdur”, - deyə o bildirib.

Qeyd edək ki, sentyabrın 26-da Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Dövlət Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüşün keçirilməsi gözlənilir.

Müzakirələrə həmçinin, Fransa Prezidenti Emmanuel Makronun, Almaniya Kansleri Olaf Şolsun müşavirləri və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də iştirak edəcəyi xəbər verilir.

Armen Qriqoryanın ofisində verilən məlumata görə, Brüssel danışıqları Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan görüşünə hazırlıq məqsədi daşıyır.

İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin sammitində Ermənistan, Azərbaycan, Fransa, Almaniya və Avropa Şurası liderləri ikinci dəfə bir danışıqlar masası arxasına əyləşəcəklər.

Sentyabrın 17-də, yəni Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatı keçirməsindən iki gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan planlaşdırılan beştərəfli görüşdə sülh sazişinin imzalanmayacağını bildirmişdi. Lakin Azərbaycanın keçirdiyi hərbi əməliyyatda qələbə qazanması və qanunsuz erməni silahlı birləşmələrinin silahları təslim olmasından sonra bölgədə yeni siyasi vəziyyət yaranıb. Bu isə tezliklə sülh sazişinin imzalanmasına gətirib çıxara bilər.

Brüssel görüşündə sülh sazişinin ilk mətninin detallarının müzakirə olunacağı ehtimal olunur. Əgər bu istiqamətdə razılaşma əldə olunsa, Qranadada sülh müqaviləsinin layihəsi Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyana təqdim edilə bilər. Təbii ki, sülhün əldə olunması müəyyən müddət tələb edir və onu bir görüşdə razılaşdırmaq mümkün deyil.

Ancaq Qranada görüşündə Azərbaycanla Ermənistan arasında indiyə qədər mübahisəli qalan bir sıra məsələlər öz həllini tapa bilər. Belə ki, sülhə mane olan əsas şərtlərdən biri Ermənistanın Qarabağı de-yuri Azərbaycan ərazisi kimi tanımaması olub.

Digər problem isə Ermənistanın ordusunun qalıqlarının hələ də Azərbaycan ərazisində qalması idi. Antiteror əməliyyatının keçirlməsindən sonra bölgədə yeni siyasi konyuktur formalaşıb.

Azərbaycan Prezidenti İlham Əliyev də antiterror əməliyatından sonra xalqa müraciətində sülh üçün yaxşı imkan yarandığını bildirib.

Alen Simonyanın “Biz sülhə çox yaxınıq” - deməsi Ermənistan hakimiyyətinin yeni reallıqları qəbul etdiyini göstərir. Eyni zamanda, spikerin əbədi müharibənin heç kimə faydası olomadığı barədə dedikləri Paşinyan iqtidarının 35 ildir davam edən bu münaqişəyə nöqtə qoymaq niyyəti və sülh müqaviləsi imzalamaq niyyəti kimi başa düşülə bilər.

Bu baxımdan, tərəflərin Brüsseldə və Qranadada bəzi mübahisəli məqamlarla bağlı razılığa gələcəklərini proqnozlaşdırmaq mümkündür. Artıq Ermənistan ordusunun qalıqları və onlara bağlı terrorçu dəsətələr tərksilah edilərək Azərbaycan ərazisini tərk edib.

Qranada görüşünə qədər bu prosesin tamamilə başa çatacağı gözlənilir. Əgər İspaniyada Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığına dair hər hansı bir sənədi imzalasa bu, iki ölkə arasında sülh müqaviləsinin immzalanması istiqamətində dönüş nöqtəsi ola bilər.

Çünki Ermənistan bununla Qarabağdakı erməni əhalinin reinteqrasiya prosesini Azərbaycanın daxili işləri kimi qəbul etdiyini nümayiş etdirəcək.

Görüşdə vasitəçilik edən Fransa çox güman ki, revanşist mövqe sərgiləməklə sülhə mane olmağa çalışacaq. Prezident Makronun Azərbaycanın antiteror əməliyyatındakı uğuruna görə Rusiyanı və Türkiyəni ittiham edərək “Biz də ermənilərə dəstək vercəyik” - deməsi Fransanın regionda geosiyasi qaşıdurmanı davam etdirmək istəyindən xəbər verir.

Yəni Makron hakimiyyəti sülhün əldə olunmasında maraqlı deyil. Fransa Prezidenti anlayır ki, hərbi müstəvidə üstünlüyü növbəti dəfə təmin edən Azərbaycan diplomatik masada da əlini kifayət qədər gücləndirmək imkanı qazanıb.

Ona görə də Brüssel və Qranada görüşlərində pozucu fəaliyyətini davam etdirməyə çalışacaq.

Müşfiq Abdulla
Cebhe.info