Paris Bakını tələyə salmaq istəyir - Məkrli planın pərdəarxası

Aprel ayında Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Azərbaycana və Ermənistana rəsmi səfəri gözlənilir.
Xanım Kolonna Fransa parlamentində çıxışı zamanı səfər proqramının aprel ayının əvvəllərində reallaşacağını deyib.
Anti-Azərbaycan və ermənipərəst siyasət yürüdən Fransanın XİN rəhbərinin Ermənistana və Azərbaycana gözlənilən rəsmi səfəri bir sıra müəmmalı suallar doğurur.
Maraqlıdır, Fransanın baş diplomatı hər iki ölkəyə hansı gizli planla gəlir, səfər zamanı hər iki tərəflə hansı məsələləri müzakirə edəcək?
Bildiyimiz kimi, Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində öz beynəlxalq öhdəliklərini və funksiyalarını itirib. Çünki bu ölkə beynəlxalq hüququn normallarını heçə sayaraq təcavüzkür dövlətin mövqeyini dəstəkləyir, İrəvanın davranışlarına haqq qazandırmaqla regionda sülhün və sabitliyin bərqərar olunmasına əngəl yaradır.
Yəqin ki, yaxın zamanda Fransanın XİN rəhbərinin rəsmi səfərinin gündəliyində duran əsas məsələlər hamıya bəlli olacaq.
Məsələ ilə bağlı politoloq Fərhad Məmmədov Cebhe.info-ya şərhində bildirib ki, Fransa XİN rəhbərinin regiona rəsmi səfəri adi bir səfər kimi sayıla bilməz:
“İki il ərzində Fransanın Cənubi Qafqazda fəallaşması müşahidə olunur. Lakin Fransanın rəhbərliyi regionla bağlı öz məqsədlərinə nail ola bilmir.
Ona görə ki, Parisin seçdiyi vasitələr və metodlar qeyri-konstruktivdir və tərəfli mövqeyə əsaslanır. Fransanın ermənipərəst mövqe tutması onun Cənubi Qafqaz siyasətində məhdudiyyətlərə səbəb olur. Bu məhdudiyyətlərin əsas amili Azərbaycanın Fransanın destruktiv siyasətinə qarşı atdığı addımlardır”.
Politoloqun sözlərinə görə, Avropanın bir çox ölkələri Cənubi Qafqazla yanaşı, Mərkəzi Asiyada da geosiyasi maraqlar güdürlər:
“Bu dövlətlər çox yaxşı anlayırlar ki, Mərkəzi Asiya regionunda öz siyasi və iqtisadi fəaliyyətlərini yalnız Cənubi Qafqaz vasitəsilə gücləndirə bilərlər.
Belə olan halda Azərbaycanın və Gürcüstanın önəmi bu kontekstdə artmaqdadır. Əlbəttə, Fransa Azərbaycandan enerji almır, amma bizim ölkə ilə qeyri-neft sektoru sahələrində əlaqələri yüksək səviyyədədir.
Hesab edirəm ki, Fransanın XİN rəhbərinin Ermənistana və Azərbaycana gözlənilən rəsmi səfərində gizli səbəb axtarmaq lazım deyil. Bu səfər ya aprelin əvvəlində, ya da sonunda olacaq. Ancaq aprelin sonuna kimi, regionda yeni geosiyai reallıqla üzə çıxacaq. Bu səfər çərçivəsində Fransanın yeni reallıqlarla tanış olması da aktual məsələ kimi nəzərdən keçirilə bilər”.
Yunis Abdullayev
Cebhe.info