“Qarabağ klanı” İrəvanı qarışdırdı: Paşinyan -Şahramanyan qarşıdurması

“Qarabağ klanı” İrəvanı qarışdırdı: Paşinyan -Şahramanyan qarşıdurması

Qarabağda ləğv edilən qondarma rejimin “rəhbəri” Samvel Şahramanyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə çağırılıb. Buna səbəb onun separatçı rejimin 1 yanvar 2024-cü ildə ləğvinə dair məlum qərarının qeyri-qanuni olması barədə fikirlər səsləndirməsi olub.

Həmçinin, sorğuya çağırılanlar arasında separatçıların “keçmiş dövlət naziri” Artak Beqlaryan, Şahramanyanın “keçmiş müşaviri” Vladimir Qriqoryan, saxta “parlamentin sədr müavini” Qaqik Baqunts və başqaları var. Əslində Şahramanyanın qondarma rejimin ləğv olunması ilə bağlı “fərman”ını geri götürmə qərarını ləğv etdiyini deməsi Azərbaycana yox, Nikol Paşinyana təhdiddir. Çünki Azərbaycan öz ərazi bütövlüyünü tam olaraq bərpa edib.

Bundan sonra torpaqlarımızda hansısa separatçı qurumun yaradılma ehtimalı sıfıra bərabərdir. Görünən odur ki, Paşinyan da bunu gördüyü üçün öncədən həmlə edib. 

Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebhe.info”-ya açıqlamasında bildirib ki, separatçılar Ermənistanın sülh müqaviləsini imzalamasını əngəlləməyə çalışırlar:

“Hazırda Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi ilə bağlı danışıqlar aparır. Artıq tərəflər arasında bəzi razılaşdırılmış məsələlərin olduğu bildirilir. Həmçinin, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və parlamentin spikeri Alen Simonyan sülh müqaviləsinin yaxın zamanda imzalana biləcəyi barədə açıqlamalar verirlər.

Lakin Ermənistanın daxilində və xaricində sülh müqaviləsinin imzalanmasına qarşı olan müəyyən qüvvələr var. Hətta həmin qüvvələrin bəziləri Rusiya və Qərbdən idarə olunur. Yəni Rusiya və Qərb sülh tərəfdarı olduqlarını bəyan etsələr də, öz maraqları var. Ona görə də Ermənistanın daxilindəki revanşist qüvvələrdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar”. 

Partiya sədri vurğulayıb ki, Azərbaycan artıq tam qələbəyə nail olub və Qarabağ tamamilə bizim nəzarətimizdədir:

“Bundan sonra Samvel Şahramanyan kimilər heç bir zaman Azərbaycan ərazisində separatçı rejim qura bilməyəcəklər. Beynəlxalq aləm də bir daha görməlidir ki, onların addımları qara piar kampaniyasından başqa bir şey deyil”. 

Həmsöhbətimizin sözlərinə görə, Samvel Şahramanyanın arxasında Rusiya dayanır:

“Nəzərə almaq lazımdır ki, Rusiya bölgədə qalmaq üçün müxtəlif variantlardan istifadə edir. Əvvəllər Qarabağda mövcud olmuş qondarma separatçı rejim də Kreml tərəfindən idarə olunurdu. İndiki məqamda da böyük ehtimalla, Şahramanyan kimi separatçıların arxasında Rusiya dayanır. Yəqin ki, onlar Moskvadan aldıqları göstərişləri icra edirlər.

Bəlkə də Kreml sülhməramlıların Qarabağda qalmasının müddətinin uzadılması üçün regionda müəyyən qarşıdurma yaratmağı hədəfləyir. Həmçinin, rəsmi Moskva Samvel Şahramyandan Nikol Paşinyana qarşı təzyiq vasitəsi kimi də istifadə edir. Bu amillər separatçıların araxasında Rusiyanın dayandığını göstərir”. 

Akif Nağı hesab edir ki, Samvel Şahramanyan həbs oluna bilər:

“Nikol Paşinyan Qərbdən dəstək aldığı üçün Rusiyanın ölkəsinə təsiretmə imkanlarını zəiflətməyə çalışır. O, həmçinin Moskvanın əmri ilə hərəkət edən adamları zərərsizləşdirmək istəyir. Düşünürəm ki, Paşinyan Şahramanyanı həbs etdirə bilər. Şahramanyan iddialarından geri çəkilməsə və Rusiyadan göstəriş aldığına dair faktlar ortaya çıxsa, sonu olacaq. Yəni onun pozuculuq fəaliyyətlərini məhdudlaşdırılması üçün həbs olunması gündəmə gələ bilər”. 

Elmir Mustafa 
“Cebhe.info”