Qlobal Sülh Sammiti: Gözləntilər özünü doğruldacaqmı?

Qlobal Sülh Sammiti: Gözləntilər özünü doğruldacaqmı?

Bu gün İsveçrədə 92 ölkə və 8 beynəlxalq təşkilatın iştirakı ilə Qlobal Sülh Sammiti öz işinə başlayacaq.

Məhz müzakirələrin gündəliyinə ərzaq və nüvə təhlükəsizliyi, eləcə də ukraynalı uşaqların geri qaytarılması kimi məsələlər salınıb.

Toplantının gedişində tərəflərin Rusiya ilə danışıqlara dair ortaq mövqe formalaşdıracağı gözlənilir.

Qeyd edək ki, Rusiya və Çin iki günlük sammitin işində iştirakdan imtina edib.

Maralıdır, Qlobal Sülh Sammitində hansı nəticələr gözləniləcək? Ukrayna ilə bağlı hər hansı yekun qərar veriləcəkmi?

Məsələ ilə bağlı politoloq Zaur Məmmədov “Cebhe.info”-ya şərhində bildirib ki, bu sammitin heç bir nəticəsi olmayacaq:

“Qlobal Sülh Sammiti ABŞ və Ukrayna üçün ona görə lazımdır ki, öz ətraflarına bir çox ölkələr cəmləşdirsinlər və anti-Rusiya koalisiyasını daha da genişləndirsənlər. 

Göründüyü kimi, Rusiya və Çin bu sammitdə iştirak etməkdən imtina edib. Belə olan halda Ukrayna münaqişəsinin həll olunmasından söhbət gedə bilməz. Hər halda bu sammitdə Ukrayna ilə bağlı bir sıra məsələlər müzakirə olunacaq. Öz-özlüyündə Qlobal Sülh Sammiti işğala yox deyir və ərazi bütövlüyü məsələsini önə çıxarır.

Bildirim ki, bu gün Ukraynada baş verən proseslər Rusiya ilə ABŞ arasında geosiyasi müharibədir. Moskva və Vaşinqton aralarında olan problemləri bu dəfə Ukraynada həll etmək istəyirlər.

Ona görə də bu sammitdən hər hansı vacib nəticə gözləməyə ehtiyac yoxdur. Sammitdə yalnız ümumi bəyanatlar səsləndiriləcək və Ukraynadakı proseslər öz axarında davam edəcək". 

Yunis Abdullayev 
"Cebhe.info"