Razi Nurullayev: “Qaz limiti ləğv olunmalıdır”

“Bu gün insanların qazancı onların xərcləri ilə uyğun gəlmir”.
Bu sözləri Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev “Cebhe.info”-ya açıqlamasında deyib.
O bildirib ki, buna görə də qaz limitinin ləğv olunmasına ehtiyac var:
“Hökumət hesab edir ki, əhalinin müəyyən hissəsi varlıdır və onlar üçün qaz limitinin ləğv edilib-edilməməsinin heç bir fərqi yoxdur. Mən bununla razıyam. Ona görə də ən azından əhalinin kasıb və həssas təbəqəsi, şəhid ailələri, Vətən müharibəsi qaziləri, əlillər, sosial yardım alanlar və əməkhaqqı müəyyən məbləğdən az olan vətəndaşlar üçün qaz limiti ləğv oluna bilər.
Üstəlik, bunun tətbiq olunması üçün heç bir problem yoxdur. Bu gün Azərbaycan əhalisinin hamısı elektronlaşdırılıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu siyahı var. Orada hər bir şəxsin hansı qazanca malik olduğu görünür. Məsələn, İtaliyada qazancı 38 min avrodan yuxarı olan insanlara uşaqpulu verilmir”.
Millət vəkili 1000 manatdan aşağı əməkhaqqı alan vətəndaşların qaz limitinin ləğv olunmasını təklif edib:
“Çünki bugünkü bahalıq mühitində ayda 1000 manatlıq qazancla ailəni dolandırmaq, məktəbə uşaq göndərmək, tələbə oxutmaq, xəstə müalicə etdirmək, o cümlədən məişət xərclərini ödəmək mümkün görünmür. Bütün bunları nəzərə alaraq mütləq şəkildə əhalinin bəhs etdiyim təbəqələri üçün qaz limitini ləğv etmək lazımdır”.
Elmir Mustafa
“Cebhe.info”