Razi Nurullayev sosial demokratdır: Bəs digərləri?

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev rəhbərlik etdiyi partiyanın ideoloji xəttinin sosial demokrat olduğunu bəyan edib.
Razi Nurullayev partiyasının ötən həftələrdə keçirilən iclasında bu haqda danışıb:
“Milli Cəbhə Partiyasının ideoloji xətti social demokratiyadır. Biz milli cəbhəçilər sosial demokratiya yolunu seçdik. Milli Cəbhə Partiyası social demokratiya ideologiyasını ona görə seçdi ki, o, kapitalizmin yaratdığı sosial bərabərsizliyi kompensasiya edə bilsin. Biz sosial demokrat olan milli cəbhəçilər kapitalizmin səbəb olduğu bərabərsizlik və ədalətsizlikləri demokratik sistem içində qəbul edilə bilən səviyyəyə salmağı hədəfləyirik. Sadə dildə desək, bizim partiya üçün bu, o anlama gəlir ki, əgər bir nəfərin savadı, bacarığı yoxdursa, o digərlərindən yüz dəfələrlə aşağı səviyyədə yaşamalıdır. Biz milli cəbhəçilərin təmsilçiləri olan social demokratlar üçün hər bir vətəndaşın ləyaqətli yaşayışı önəmlidir. Bunun üçün hər bir vətəndaşın pulsuz təhsil alması, pulsuz peşəyə yiyələnməsi dövlətin təməl borcudur”,-deyə R.Nurullayev çıxışında vurğulayıb.
ümumiyyətlə, ölkə üzrə rəsmi dövlət qeydiyyatında olan 59 partiyadan bəziləri istisna olmaqla, digərlərinin hansı ideoloji xətt daşıdığı məlum deyil.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında rəhbərlik etdiyi partiyanın sağ mərkəzçi ideologiyası daşıdığını bildirib:
“Biz azərbaycançılıq, türkçülük, millətçilik, dövlətçilik ideologiyasını daşıyırıq. Eyni zamanda, partiya ilk gündən sağ mərkəzçi partiya olaraq yaranıb. İlk dövrlərdən də orta və kiçik sahibkarların fəaliyyəti ilə bağlı mövqe ortaya qoyub ki, onlar üçün ölkədə azad rəqabət mühiti yaranmalıdır. Əgər kiçik və orta sahibkarlığa dövlət dəstəyi olarsa, təbii ki, bu, ölkənin iqtisadiyyatına bütövlükdə töhfə verə bilər.
Biz sağ mərkəzçi partiyaların birləşdiyi Beynəlxalq Demokrat İttifaqının üzvüyük. Bu, özündə 80-dən artıq ölkənin 100-dən çox partiyasını birləşdirən nüfuzlu beynəlxalq qurumdur. Orada təmsil olunan partiyaların əksəriyyəti öz ölkələrində hakimiyyətdədir. İngiltərənin Konservator Partiyası, ABŞ-ın Respublikaçılar Partiyası, İsveçin Moderator Partiyası kimi iqtidar partiyaları ilə bir təşkilatda təmsil olunuruq.
Mübağiləsiz olaraq deyim ki, ölkədə sağ mərkəz yönümlü ilk rəsmi dövlət qeydiyyatından keçmiş partiya olmaqla yanaşı, eyni zamanda sağ mərkəzi yönümlü ilk siyasi təşkilat da AMİP-dir”.
Vilayət Muxtar
Cebhe.info