Ailələri dağıdan “emosional ehtiyac” - “Kişi 345 manat maaşla arvadına "iPhone"u necə alsın?”

Ailələri dağıdan “emosional ehtiyac” - “Kişi 345 manat maaşla arvadına "iPhone"u necə alsın?”

Azərbaycanda boşanmaların sayı artıb.

2023-cü ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24 146 nikah və 10 631 boşanma halları qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşmüş, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb. Rekord göstərici artıq narahatedici bir vəziyyət yaradıb.

Psixoloq Gülnar Orucova Cebhe.info-ya bildirib ki, son zamanlar evliliyin ömrü azalıb, hətta bəzən davam edən evliliyin ömrü 3-8 aya qədər olub:

"Biz illər şou nümayəndələrinin, xüsusilə müğənnilərin övladlarının həyatında baş verən prosesləri (nişanını, xınayaxdısını, toyunu) izləyirik. 1 il sonra xəbər eşidirik ki, onlar ayrılıb. Beyin isə nəyi görürsə, elə bilir ki, bu doğrudur. İzlənilən həyat hekayələrindən sonra beyin boşanmanı da normal hal olaraq qəbul edir, bununla da insanlarda “Mən də boşana bilərəm” kimi düşüncələr formalaşır".

Gülnar Orucova son vaxtlar sosial mediada gündəm olan, psixoloq Əfsanə Rüstəmovanın “Emosional ehtiyacı "iPhone” olan bir xanımın ehtiyacı qarşılanmırsa, o, boşana bilər” fikrinə də öz münasibətini bildirib:

"Hər insanın maddi, mənəvi ehtiyacları olur. Emosional ehtiyac dedikdə ev, maşın, telefon nəzərdə tutulmur. Hisslərə, duyğulara, diqqətə, bir insanın xoş davranışına olan ehtiyacdan söhbət gedir. Məlum məsələdir ki, bəzən efirlərə pul xətrinə tanınan-tanınmayan, ixtisası psixoloğiya olan-olmayan insanları dəvət edirlər. Bu insanlar da özlərini reklam edərək daha çox pasient qazanıb, pul əldə etmək istəyirlər.

Nəticədə məsələ necə olur? Onlar cəmiyyətə doğru məsləhət verə bilmirlər. Hər bir psixoloq Azərbaycanın vəziyyətindən çıxış etməlidir. Minimum əməkhaqqı 345 manat olan bir kişi yoldaşına "iPphone" necə alsın? Efirdə səslənən bu tip fikirləri izləyən minlərlə qadının ağlından keçə bilər ki, həyat yoldaşım mənə də "iPhone" almalıdır. Bununla da, ailələr dağılar, boşanmaların sayı daha da artar.

Bəzi insanlar hər hansı bir fikri yanlış səsləndirə bilər. Bunun doğru olmadığını kimsə bizə dedikdə, qəbul etməliyik. Amma daha dərinə gedənlər də var. Həmin qadını hər kəs qınadı, hətta gülüş mənbəyinə çevirdi. Yəni bu tip yalnış fikirlərin səsləndirilməsi cəmiyyətə ötürülmüş birbaşa mesajlar olur.

Təbii ki, efirdə səslənənlərlə razılaşmayanlar oldu, amma əmin olun ki, razılaşanlar belə oldu. Bu baxımdan nəinki psixoloqlar, eləcə də efirdə çıxış edən digər ekspertlər cəmiyyətdə təzad yaradacaq, kütləni doğru yerə istiqamətləndirməyən fikirlər səsləndirməməlidir”

Ekspert bildirib ki, boşanmalar nəticəsində atasız qalan uşaqlarda özgüvən əskikliyi yaranır: 

“Boşanmaların sayı artdıqda isə özgüvənsiz bir cəmiyyət yarana bilər”.

Ləman İsmayıl
Cebhe.info