Azərbaycanda dayələr də "diplomlu" olacaq

Azərbaycanda dayələr də "diplomlu" olacaq

Xəbər verildiyi kimi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Dayə” ixtisası üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradır.

Belə ki, sözügedən ixtisas üzrə təhsil sənədi olmadan fəaliyyət göstərən dayələr səriştələrinin tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edib, müsbət nəticə əldə etdikləri halda müvafiq modul üzrə sertifikata sahib ola bilərlər.

Maraqlıdır, imtahanı kimlər qiymətləndirir? Suallar, əsasən, hansı mövzuları əhatə edir? İndiyə qədər neçə nəfər müraciət edib?

Məsələ ilə bağlı bu və yaranan digər suallarla bağlı Cebhe.info-nun sorğusuna cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib ki, imtahanlar ixtisas üzrə təyin edilmiş ekspertlər tərəfindən qiymətləndirilir:

"Belə ki, nəzəri imtahanın suallarının 50 faizindən çoxunu düzgün cavablandıran ərizəçi ikinci imtahana, yəni bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi mərhələsinə buraxılır.

Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi nəticəsində tapşırığın ən azı 50 faizini düzgün icra edən ərizəçi “məqbul”, 50 faizindən az hissəsini düzgün icra edən ərizəçi isə “qeyri-məqbul” alır".

Sualların hansı mövzuları əhatə etdiyinə gəlincə, qeyd edilib ki, suallar məhz ixtisas üzrə baza modullarını əhatə edir:

"Modullarla ərizəçilər qeydiyyat bölməsində hər ixtisas üzrə tərtib edilmiş metodik vəsait hissəsindən tanış ola bilərlər".

Təhsildə Keyfiyyət Təminatı Agentliyin məlumatında peşə keyfiyyətinin yoxlanılmasının məcburi olduğunu vurğulanıb:

"Ərizəçilər ilkin olaraq biliklərinin qiymətləndirilməsi üçün nəzəri imtahanda iştirak edirlər. Nəzəri imtahanı uğurla keçən ərizəçilər öz bacarıq və səriştələrinin qiymətləndirilməsi üçün praktiki imtahanda iştirak edirlər.

Yalnız hər iki imtahanı uğurla keçənlər müvafiq ixtisasdan asılı olaraq sertifikat və ya diplom ilə təltif olunurlar. Biz təhsil vermirik. Qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq və səriştələrin qiymətləndirilməsini həyata keçiririk".

Qeyd edək ki, müraciət elektron formada həyata keçirilir.

Günay Şahmar
Cebhe.info