Azərbaycanda uşaqların hüquqları necə qorunur?

Uşaq hüquqları - dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır.
Əfsuslar olsun ki, bu gün ölkəmizdə ən çox istismara məruz qalanlar da məhz uşaqlardır. Belə ki, Azərbaycan dünyaya gələn uşaqların cins nisbətinə görə selektiv aborta üstünlük verən dövlətlər arasında birinci yerdədir. Əvvəl selektiv aborta görə siyahıda liderlik Çinə məxsus idi və Azərbaycan ikinci yerdə idi. İndi vəziyyət əksinədir.
Azərbaycanda uşaq hüquqlarının qorunması ilə bağlı psixoloq Gülnar Orucova Cebhe.info-ya bildirib ki, hüquq pozuntularına tez-tez rast gəlirik:
"Uşaq hüquqları müəyyən sahələrdə qorunsa da, istisna hallarla da qarşılaşırıq. Erkən yaşda qızlar nəinki yaşını, heç adını da bilmədikləri şəxslərlə məcburi olaraq evləndirilirlər.
Həmçinin uşaqlar bağçalarda, məktəblərdə döyülür. Amma ayağa qalxan, haqqı tələb edən yoxdur. Məktəb, bağça direktorları isə nüfuzlarına xələl gəlməsin deyə, vəziyyəti gizlətməyə çalışırlar.
Valideynlər də hüquq-mühafizə orqanlarına müraciət edirlər, lakin onlar müəyyən məbləğ qarşısında susurlar, şikayətlərini geri alırlar, bir növ övladlarının şiddət görməsinə göz yumurlar. Dövlət həmin valideynlər haqqında da tədbir görməlidir".
Psixoloq qeyd edib ki, uşaqlara hüquqlarını öyrətmək lazımdır ki, onlar da başlarına gələn hadisələr qarşısında haqqlarını tələb edə bilsinlər.
Ləman İsmayıl
Cebhe.info