Bu cür elanlar nə dərəcədə qanunidir? - RƏSMİ CAVAB

Bu cür elanlar nə dərəcədə qanunidir? - RƏSMİ CAVAB

Son vaxtlar dayanacaqlarda, əsasən də yolların kənarlarında qaz paylayıcısının qərarı ilə qazın verilməsi, sayğacların quraşdırılmasına dair elanlara tez-tez rast gəlinir.

Ətraflı məlumat üçün elanda qeyd olunur ki, müəyyən olunan məbləğ qarşılığında istənilən ünvana qaz xəttinin çəkilməsi, sayğacların quraşdırılması və digər işlər icra olunur.

Maraqıdır, qaz xətlərinin çəkilməsi, sayğacların quraşdırılması ödənişsiz olduğu halda bu cür elanların verilməsi nə dərəcədə qanunidir?

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Cebhe.info”-ya açıqlamasında bildirib ki, fərdi yaşayış evinin qazlaşdırılması müvafiq sahədə xüsusi lisenziyası (icazəsi) olan podratçı tərəfindən icra edilir: 

“Vətəndaşın seçdiyi podratçı tərəfindən ilk növbədə qazlaşdırılma mümkünlüyü yerində araşdırılır, “Azəriqaz” İB-nin yerli struktur bölmələrinin iştirakı ilə sorğu blankı və prinsipial sxem təsdiqlənir, işin həcmi müəyyən edilir və vətəndaşla podratçı arasında müqavilə bağlanılır. Müqavilə əsasında vətəndaşın vəsaiti hesabına qazlaşdırılma işləri həyata keçirilir.

Qazlaşdırılma işləri tamamlandıqdan, məişət qaz sayğacı quraşdırıldıqdan və istismara qəbul edildikdən sonra “Azəriqaz” İB tərəfindən ödənişsiz olaraq qaz sayğacı və abonent qeydiyyata alınır, qazın alqı-satqısı barədə müqavilə bağlanılır və müvafiq qaydada təbii qazın verilməsi təmin olunur. Fərdi yaşayış evinin ümumi saatlıq qaz tələbatı 10m3-dən yuxarı olduqda isə layihənin hazırlanması məqsədilə texniki şərtin verilməsi üçün (ödənişsizdir) vətəndaş “ASAN xidmət” və ya "ASAN kommunal" mərkəzlərinə müraciət etməlidir”.

Eldəniz Vəliyev qeyd edib ki, paylayıcı küçə qaz xətti olmayan və ya qaz təchizatı mənbəyindən aralı olan yaşayış sahələrindəki fərdi evlərin vətəndaşların öz vəsaiti hesabına qazlaşdırılması üçün vətəndaş ilk növbədə texniki şərti almaq üçün (ödənişsizdir) “Asan xidmət” mərkəzinə müraciət etməlidir:

"Texniki şərt əsasında vətəndaşın öz vəsaiti hesabına layihə hazırlanmalı, müvafiq razılaşdırmalardan keçirilməli və podratçı tərəfindən küçə qaz xətti çəkilməli, “Azəriqaz” İB-nin struktur bölməsinin iştirakı ilə istismara qəbul edilməlidir. Küçə qaz xətti istismara qəbul edildikdən sonra fərdi evlərin qazlaşdırılması yuxarıda qeyd olunan qaydada həyata keçirilir. Fərdi yaşayış evinin qazlaşdırılması prosesi barədə əlavə məlumatları “ASAN xidmət” və ya "ASAN kommunal" mərkəzlərində əldə etmək olar”.

Həsən Məmmədov
“Cebhe.info”