“Bura heç kim gəlmək istəmir...” - FOTOLAR

“Bura heç kim gəlmək istəmir...” - FOTOLAR

“Küçəmiz bir aydan çoxdur ki, qrunt sularının altında qalıb. Yolda su dizə qədərdir, keçib getmək mümkün deyil”.

Bu şikayətlə “Qafqazinfo”ya Xəzər rayonu, Şağan qəsəbəsi Heybətqulu Məmmədbəyli küçəsində yaşayan bir qrup sakin müraciət edib.

Onların sözlərinə görə, ərazidə kanalizasiya sistemi qurulmayıb. Yağan yağış və qrunt suları torpağa hopmadığından küçədə acınacaqlı vəziyyət yaranır: “Xüsusən bir ay əvvəl yağan güclü yağışlardan sonra küçədə vəziyyət dözülməz olub. Hər gün oradan keçən avtomobillərin altı dəyir.

Qəsəbə sakinləri, o cümlədən uşaqlar məktəbə getmək üçün rezin çəkmələrdən istifadə etmək məcburiyyətində qalır. Küçənin vəziyyətinə görə vacib hallarda belə taksi çağıra bilmirik, bura heç kim gəlmək istəmir...”

Sakinlər aidiyyəti qurumlara müraciət etsələr də, faydasının olmadığını deyirlər. 

Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, qəsəbədə yağış sularının kənarlaşdırılması şəbəkə olaraq mövcud deyil: “Bu ərazidə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşdirilmiş kanalizaiya sistemi də qurulmayıb. Sakinlər gölün ərazisində evlər inşa ediblər. Ona görə qrunt suları ətrafa yayılır.

Ancaq belə fors-major hallar olduqda Xidmətimiz tərəfindən yağış sularının təmizlənməsi üçün hər bir köməklik göstərilir. İntensiv yağıntılar zamanı texnikalarımız gücləndirilmiş rejimlə ərazidə fəaliyyət göstərir. Evlər tikilməmişdən öncə ərazi göl olduğu üçün yağışlar zamanı qrunt suları daha da çoxalır”.

"Cebheinfo.az"