Deputatdan xoş xəbər: ““Uşaq pulu” verilə bilər”

"Dünya praktikasında olduğu kimi, bizdə də 3-dən daha artıq uşaqlar olan ailələr çoxuşaqlı ailələr sayılsın".
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin dünən keçirilən iclasında deputat Vüqar Bayramov deyib.
"Biz çoxuşaqlı ailə anlayşını 5-dən 3-ə endirsək, bu o deməkdir ki, 110 min ailə bu hüquqdan yararlana biləcək. Yəni, 110 min ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər. Çoxuşaqlı ailə anlayışına yenidən baxılsın. Çoxuşaqlı ailələr 5-dən 3-ə endirilsin", - deyə deputat bildirib.
Komitə sədri Musa Quliyev də bildirib ki, çoxuşaqlı ailə anlayışına yenidən baxılmalıdır:
“Biz bu təklifi dəstəkləyirik. Çoxuşaqlı anlayışı 5 uşaqdan 3 uşağa endirilməlidir. Eyni zamanda onlara verilən müavinətə baxılmalıdır. Ailələrə daha çox uşaqlara görə müavinət verilməsi yollarını biz axtarırıq”.
Musa Quliyev qeyd edib ki, aidiyyəti orqanla çoxuşaqlı ailə modelinə yenidən baxılması məsələsi müzakirə olunur:
“Onlar da bu məsələdə müsbət fikirdədirlər”.
Maraqlıdır, “uşaq pulu” məsələsi də öz həllini tapa bilər?
Bununla bağlı Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, çoxuşaqlı ailə anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi ilkin mərhələ üçün yaxşıdır:
"Növbəti mərhələlərdə “uşaq pulu” məsələsinə baxıla bilər və bütün uşaqlara “uşaq pulu”nun verilməsi anlayışı qanunvericiliyə daxil edilə bilər. İlkin variant kimi bu məsələnin Milli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirə olunması ümidvericidir. Bu məsələ öz müsbət həllini tapa bilər. Buna görə də çox sevinirəm.
Biz illərdir ki, “uşaq pulu”nun verilməsi ilə bağlı mübarizə aparırıq, təkliflər veririk. Bunlara baxmayaraq, məsələ öz müsbət həllini bu şəkildə taparsa, əhalinin bir qismi rahatlıq tapa bilər. Nəticədə ailələrdə ümid yarana bilər ki, növbəti mərhələdə “uşaq pulu” məsələsi birdəfəlik həll edilsin".
Deputa qeyd edib ki, “uşaq pulu”nun bütün uşaqlara, ailələrə verilməsinin tərəfdarıdır:
"Bunun fonunda isə çoxuşaqlı analara və digər bu tip kateqoriyadan olan insanlara verilən müxtəlif müavinətlərin də dayandırılmasının tərəfdarıyam. Məhz ünvanlı dövlət sosial yardım, aylıq sosial müavinətlər əsasən kimsəsizlərə, əlillərə və bu qəbildən olan insanlara verilməlidir.
Onların da sayı bəllidir. Digər tərəfdən isə “uşaq pulu”nun verilməsi çox vacibdir. Ümid edək ki, bu məsələ öz müsbət həllini bu ilin ikinci yarısından, yaxud gələn ildən tapsın. Bu sosial çağırış və sosial tələbdir. Azərbaycan ailələrinin, demək olar ki, 99 %-i “uşaq pulu”nun verilməsini istəyir, gərək dövlətimiz də bu çağırışlara müsbət cavab versin".
Ləman İsmayıl
"Cebhe.info"