Evlərdə bitməyən təmirə cəza var?

Evlərdə bitməyən təmirə cəza var?

Vətəndaşları ən çox narahat edən məsələlərdən biri də xüsusilə yeni tikilən binalardakı mənzillərdə aparılan təmir-tikinti işlərdir. 

Belə ki, vətəndaşlar yeni mənzilə köçdükdən sonra qonşular tərəfindən aparılan təmir işləri ilə bağlı səs-küyə dözmək məcburiyyətində qalır. Bəzi binalarda bununla vaxt müvafiq günlər təyin edilsə də, bir çox hallarda heç bu qaydalara da riayət edilmir. 

Onu da qeyd edək ki, bəzi mənzillərdə təmir işləri bir neçə ay, hətta 1 il dvam edir. Qonşular isə davamlı olaraq bu təmir səslərinə tap gətirmək məcburiyyətində qalır və bununla bağlı kimə müraciət edəcəklərini bilmirlər. Ümumiyyətlə, qanunvericilikdə evlərdə təmir işlərinin aparılması necə tənzimlənir? 

Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Elnur Azadov “Cebheinfo.az”-a bildirib ki, bunun qanunla tənzimlənməməsi çox təəssüf doğuran bir haldır: 

“İnzibati qaydaların pozulması ilə bağlı maddələr var ki, qonşuluq münasibətləri, səs salmaqla bağlı məqamlar burada öz əksini tapıb. O qaydalara əsasən, səsi tənzimləyən maddələr var. Çoxmənzilli binalarda qanunla vətəndaşlar müştərək cəmiyyətlər yaradanda, hər kompleks özünəməxsus istənilən qaydalar tətbiq edə bilər. 

Bizdə müştərək cəmiyyətlər demək olar ki, yoxdur. Bu gün 2200 yeni tikilmiş bina var və onlardan cəmi 10 faizi müştərək cəmiyyət yaradıb. Orada istənilən təklifə baxılıb, qaydaya salına bilər. Məsələn, qərar qəbul olunur ki, şənbə-bazar günləri təmir işi aparılmasın. Yaxud qeyri-iş saatlarında səs-küy olmasın. Komendant sadəcə sakinlərin yığılan pulu ilə onlara qulluq edəcək bir şəxsdir”. 

Bu qaydaların fərdi həyət evlərinə şamil olunmasına gəldikdə isə ekspert deyir ki, ümumi qaydalar var: 

“Yəni, bir qonşunun normadan çox səs-küy, qonşuları narahat etməsi ilə bağlı qaydalarda ümumi yazılıb. Bir də ümumi səs desibeli var. Mənzillərə daxil olacaq səsin həcmi desibellə ölçülür. Yaşayış zonalarıda elə şərait yaradılmalıdır ki, səs 40 desibelldən artıq olmasın. 

Sovet hökuməti vaxtı qəbul olunan normativlər var. Hazırda bu normativlər  o qədər də işləmir. Ancaq 80-ci illərin əvvəllərində bu kimi normativlər tətbiq olunmuşdu və bir çox ölkələrdə bu normativdən istifadə olunur”. 

Ekspertin sözlərinə görə, bu gün əsas problemlərdən biri odur ki, yeni tikilən binalarda ən birinci köçən sakin o biri qonşuların nə vaxt təmir edib qurtaracağını gözləməlidir və onların hamısının səsinə dözməlidir: 

“Bu da ondan irəli gəlir ki, ölkəmizdə tikinti şirkətləri yeni tikilən binalarda təmir işləri aparmırlar. 

Heç bir tikinti şirkəti bunun üçün vaxt və resurs sərf etmək istəmir. Binanın satışından kifayət qədər pul qazandığı üçün təmir üçün vaxt itirmir. Ancaq Avropada, Türkiyədə, İranda belə bir fakt yoxdur. İranda mən şəxsən görmüşəm ki, ən azı yer mərmər olur, divarlara ağ suvaq çəkilir. 

Sakin üstündən divar kağızı, boya çəkə bilər. Yəni, xaricdə ilkin təmir aparılır ki, vətəndaşlar buna vaxt sərf eləmir. Bizdə də rəqabət olmadığına görə tikinti şirkətləri bunu etmir. Türkiyədə tikinti şirkətləri nəinki təmir edir, hətta əşya, mebellə təmin edirlər. Bu da ondan irəli gəlir ki, rəqabət yüksəkdir və qiymətlər bazara uyğun olur. Bizdə rəqabət yoxdur. Ona görə də qiymətlər fantastik həddə çatıb”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”